Tələbələr “Müqəddəs Məryəm” Katolik Kilsəsini ziyarət ediblər
Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aygün Həsənovanın rəhbərliyi ilə “Region (Qafqaz) ölkələrində din” fənninin tədrisi ilə əlaqədar Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq (Qafqazşünas) ixtisası üzrə təhsil alan III kurs tələbələri “Müqəddəs Məryəm” Katolik Kilsəsini ziyarət ediblər.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, bütün dini icmalara bərabər şərait yaradıldığı kimi, Azərbaycanın katolik icmasına da qayğı göstərilir və katoliklər üçün kilsə yenidən bərpa olunub. Keşiş tərəfindən tələbələrə “Müqəddəs Məryəm” Katolik Kilsəsi və ümumilikdə, Azərbaycanda Xristianlığın yaranma tarixi, kilsədə həyata keçirilən dini ayinlər və bayramlar haqqında məlumat verilib. Xaç suyuna çəkilmə, Məsholunma, Tövbə, Yevxaristiya kimi kilsə sirlərinin həyata keçirilmə prosesi əyani formada tələbələrə izah edilib.
Sonda keşiş tələbələrin suallarını cavablandırıb.