Cavid Zeynallının “Həmin işıqlı günlər” kitabının təqdimatı olub
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yazıçı Cavid Zeynallının “Həmin işıqlı günlər” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində tanınmış yazıçılar, ədəbiyyatşünaslar, jurnalistlər və kitabsevərlər iştirak ediblər.
Tədbirdə çıxış edən “Həmin işıqlı günlər” kitabının redaktoru Mübariz Örən Cavid Zeynallının yaradıcılığına toxunub. O qeyd edib ki, kitabda müəllifin şəxsi təəssüratı, hadisələrə özünəməxsus baxışı və ədəbiyyatın insan həyatındakı rolu ön plana çəkilir.
Tədbir iştirakçıları Cavid Zeynallının əsərlərini yüksək qiymətləndirərək, onun yaradıcılığının müasir ədəbiyyatın inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. C.Zeynallının əsərlərinin dərin məna qatlarından bəhs olunub, oxucuya verdiyi mənəvi zənginliyi qeyd edilib. Vurğulanıb ki, “Həmin işıqlı günlər” kitabı həm müəllifin fərdi düşüncə dünyasını əks etdirir, həm də geniş oxucu kütləsi üçün dəyərli ədəbi nümunədir. Həmçinin yazıçının əsərlərindəki dərin psixoloji təhlil xüsusi diqqətə çatdırılıb. Qeyd olunub ki, “Həmin işıqlı günlər” oxucuları düşünməyə vadar edən, hər bir hadisənin daxili məzmununa işıq tutan bir əsərdir. Müəllifin hadisələrə özünəməxsus yanaşması və onları dərin duyğularla təsvir etməsi kitabın təsir gücünü artırır.
Təqdimat mərasimində digər çıxış edənlər, həmçinin Cavid Zeynallının digər əsərləri barədə də fikirlərini bölüşüblər.
Sonda Cavid Zeynallı oxucuların suallarını cavablandırıb və kitablarını imzalayıb.
Qeyd edək ki, Cavid Zeynallı 1985-ci ildə Cəlilabad şəhərində anadan olub. Bakı Dövlət Universitetində bakalavr və magistr, Azərbaycan Dillər Universitetində doktorantura təhsili alıb.
2010-cu ildə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc yazıçısı” mükafatını qazanıb. Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü, Prezident təqaüdçüsüdür. O, “Günəşi gözləyənlər”, “Leyla” və “Şükriyyə” kitablarının müəllifidir. Türkiyədə hekayələr kitabı çap olunub. Əsərləri rus, ingilis, alman və gürcü dillərinə tərcümə olunub. Çağdaş türk yazıçıları Əsli E.Perkerin “Cəllad məzarlığı” və Tuna Kirəmitçinin “Dualar əbədidir” romanlarını dilimizə çevirib. TÜRKSOY-un “Əhməd Cavad-130” medalı ilə təltif olunub.