XƏBƏRLƏR

ADU-da Müasir rus ədəbiyyatının nümayəndələri ilə görüş keçirilib

04 oktyabr, 2024

Oktyabrın 4-də Azərbaycan Dillər Universitetində müasir rus ədəbiyyatının nümayəndələri ilə görüş keçirilib.

ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, son illər Azərbaycan və Rusiya arasında bütün sahələrdə olduğu kimi elmi, mədəni sahələrdə də əlaqələrin inkişaf etdiyini görmək mümkündür.

Bildirilib ki, ədəbi əlaqələrin qurulması, yaradıcılıq imkanlarının artırılması, təcrübə, mübadilə proqramlarının həyata keçirilməsi hər iki ölkənin mədəni mühiti üçün olduqca önəmli məsələdir:

“Hazırda iki ölkə arasında iqtisadi-siyasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Müasir Rusiya ədəbiyyatını tanımaq, öyrənmək və əməkdaşlıq çərçivəsində müxtəlif  layihələrdə  iştirak etmək bizim ədəbi mühit üçün də çox önəmlidir.

Biz şadıq ki, müasir rus ədəbiyyatının tanınmış nümayəndələri bu gün ADU-da qonaq qismində çıxış edirlər. Bu həm müəllimlər, həm də tələbələr üçün unudulmaz bir görüşdür”.

Qonaqlar - Viktor Remizov, Boris Minayev, Natalya Bakirova, Valeriya Pustovaya çıxışlarında səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər.

Qeyd olunub ki, ölkələr arasında ədəbi, bədii əlaqələrin inkişafı, yeni mədəni layihələrin həyata keçirilməsi sevindirici haldır.

Bildirilib ki, müasir rus və Azərbaycan ədəbiyyatının nümayəndələri öz yaradıcılıqlarında bəşəri ideyalara, insan fenomeninə və tarixi aspektlərə hər zaman xüsusi diqqqət ayırır və bu da hər iki ölkə ədəbiyyatı üçün ortaq cəhətlər hesab olunur.

Görüş tələbələrin sualları ilə davam edib.