XƏBƏRLƏR

“Zəfər oğulları” adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib

27 sentyabr, 2024

Azərbaycan Dillər Universitetində (ADU)  Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə 27 sentyabr Anım Gününə həsr olunan “Zəfər oğulları” adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib.

Tədbirdə İngilis-fransız dili fakültəsinin 321 A/B, 325 A/B və 326 A/B qrupları vətənə və şəhidlərə həsr olunmuş şeir kompozisiyaları və musiqi nömrələri ilə çıxış ediblər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, daha sonra 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsini dərin ehtiramla yad etmək, gənc tələbələr arasında vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək olub.

Kafedranın baş müəllimi fil.f.d. Aynur Məmmədzadə 27 sentyabr Anım gününün Azərbaycan xalqı üçün ən şanlı və tarixi günlərdən biri olduğunu, 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun, xalqımızın və Ali baş komandanımızın ətrafında dəmir yumruq kimi birləşməsini və bunun böyük qələbəyə aparan vacib amil olduğunu söyləyib.

Daha sonra tələbələr II Qarabağ savaşına və milli qəhrəmanlarımıza həsr olunan prezentasiyalar nümayiş edib.

Sonda kafedra müdiri dosent Vüsalə Ağabəyli 44 günlük müharibə haqqında tədbir iştirakçıları ilə düşüncələrini bölüşərək qazanılan möhtəşəm qələbədən danışıb, universitetimizin tələbələrinin vətənpərvərlik ruhunda böyüməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanmasının vacib olduğunu vurğulayıb.