XƏBƏRLƏR

Ülvi Bünyadzadənin anadan olmasının 55-ci ildönümü münasibətilə anım mərasimi keçirilib

24 sentyabr, 2024

Sentyabrın 23-də ADU-nun  müəllim və tələbə heyəti 20 Yanvar şəhidi, Azərbaycan Dillər Universitetinin tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 55-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər. Tələbələr Şəhid Ülvi Bünyadzadənin məzarı önünə qərənfil dəstələri düzüblər.

Rektorun Sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev şəhid Ülvi Bünyadzadənin əziz xatirəsini böyük ehtiramla yad edib.

Qeyd olunub ki, Ülvi Bünyadzadə həm bacarıqlı tələbə, həm də istedadlı şair olub. 12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpkili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış edib. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilib. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili alıb. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacarıb.

ADU–nun Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov çıxış edərək deyib ki, 1990-cı il yanvarın 19-da 21 yaşlı tələbə Ülvi Bünyadzadə semestr imtahanında “əla” qiymət alıb, əbədiyyət imtahanını verməyə gedirdi. O, əbədiyyət imtahanından da ən yüksək qiyməti aldı.

O, çıxışında qeyd edib ki, ADU–nun tarixində azadlıq mücahidləri olmuşdur. Ülvi də onların davamçısı idi.

Professor Əsgər Zeynalov müqayisələr apararaq göstərib ki, Ülvi öz yaradıcılığında bir növ həyat yolunu müəyyənləşdirmişdi. O, fikrini əsaslandırmaq üçün şəhidin yaradıcılığından nümunələr gətirib:

                        

                         Həyat üçün doğulmuşuq

                         Vətən üçün ölməliyik

yaxud:

                         Atam oğul deyiləm,

                         Anama oğul deyiləm,

                         Mən bu elin kor çırağı,

                         Yanmayacaq işığıyam.

və ya

                         Çəkdiyimiz qoşa izə əlvida,

                         Su üzündə üzən buza əlvida.

    Onun içində bütöv bir Azərbaycan var idi.

                         

                         O yandan Savalan, bu yandan Qoşqar,

                          Buludlar üstündə kölgə salıbdır.

                          Bu mənfur dirəklər, acı tikanlar,

                           Bilmirəm heç kimdən miras qalıbdır.

 

Natiq söyləyib ki, “Vətən torpağına azadlıq toxumu əkən şəhid”lərdən biri olan Ülvi Bünyadzadənin simasında  istedadlı şairi, yazıçını, dramaturqu, tərcüməçini, siyasi xadimi itirdik.

Bu gün Ülvi-nin 55 yaşı tamam olur. Allah Ülviyə rəhmət eləsin!

Şəhid Ülvi Bünyadzadənin bacısı, akademik Könül Bünyadzadə  qardaşı ilə bağlı xatirələrini danışaraq onu özünə ideal seçdiyini söyləyib.

Bildirilib ki, Ülvi kimi gənclər Vətənin azadlığı uğrunda öz canlarını fəda etməyi özlərinə hər zaman şərəf biliblər. Könül Bünyadzadə bu gün də Azərbaycan gəncliyinin öz vətənpərvərliyi, qorxmazlığı və cəsarəti ilə seçildiyini vurğulayıb.

Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri Səadət Qasımova şəhid Ülvi Bünyadzadənin xatirəsinin daim yaşayacağına və gənclərə örnək olacağına əminliyini ifadə edib.

Daha sonra ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin ikinci kurs tələbəsi Mədinə Əhmədova şəhid Ülvi Bünyadzadənin şeirlərini səsləndirilib.

Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində almışdır.1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. Universitetin III kursunda təhsil alan Ülvi Bünyadzadə 19 yanvar 1990-cı ildə həlak olmuş 20 yanvar şəhididir