ADU-da birinci kurs magistrantlarla görüş keçirilib
Sentyabrın 13-də Azərbaycan Dillər Universitetində birinci kurs magistrantlarla görüş keçirilib.
Görüşdə Magistratura şöbəsinin müdiri ped. f. d., dosent Firuzə Rzayeva, Elm şöbəsinin müdiri dosent Sevda İmanova, Beynəlxalq şöbənin əməkdaşı Şəfaqət Kazımova və digər tədris heyəti iştirak ediblər.
Görüşü açıq elan edən Magistratura şöbəsinin müdiri ped. f. d., dosent Firuzə Rzayeva magistratura təhsilinin tələbələrə təqdim etdiyi geniş imkanlardan söz açıb.
Dosent Firuzə Rzayeva magistr adını qazanan hər bir tələbəni təbrik edib, bu mərhələnin akademik və peşəkar inkişafda olan əhəmiyyətindən danışıb.
Eyni zamanda, o, tələbələrə universitetin dəstək strukturları, elmi-tədqiqat imkanları və müasir təhsil metodologiyaları haqqında məlumat verib. O, magistr təhsilinin tələbələrin intellektual və praktiki bacarıqlarını artırmağa yönəldiyini və onların gələcək karyeralarında mühüm rol oynayacağını qeyd edib.
Tədbirdə iştirak edən Elm şöbəsinin müdiri dosent Sevda İmanova, elmi tədqiqatların əhəmiyyətini və magistrantların elmi fəaliyyətlərində diqqət etməli olduqları əsas məqamları vurğulayıb O, tələbələrə dissertasiya mövzularının seçilməsi, elmi metodologiyalar, araşdırma proseslərinin planlaşdırılması və nəticələrin təqdim edilməsi mövzusunda praktiki tövsiyələr verib.
Sevda İmanova, tələbələrə elmi işlərin yazılması və müdafiəsi ilə bağlı əsas prinsipləri açıqlayıb və onların elmi tədqiqatlar zamanı qarşılaşa biləcəkləri çətinliklərə necə yanaşmaları barədə geniş məlumat verib.
Həmçinin görüşdə Beynəlxalq şöbənin əməkdaşı Şəfaqət Kazımova tələbələrə Erasmus+ proqramının təklif etdiyi beynəlxalq mübadilə imkanları və proqramın əsas faydaları haqqında ətraflı məlumat təqdim edib.
O, tələbələrlə proqramın məqsədləri, iştirakçı universitetlər, mübadilə və təcrübə imkanları, həmçinin, maliyyə dəstəyi və proqramın tətbiqi prosedurları barədə geniş fikir mübadiləsi aparıb.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Magistr tələbələri görüşdən məmnun qaldıqlarını və universitetin təklif etdiyi imkanların onlara uğurla təhsil almalarında kömək edəcəyinə inandıqlarını bildiriblər.