XƏBƏRLƏR

ADU-nun tələbələri yay təlim düşərgəsində iştirak ediblər

05 avqust, 2024

 Azərbaycan Dillər Universitetinin (ADU)  tələbələri 29 iyul - 2 avqust tarixlərində Qəbələdə keçirilən "Ailə, qadın və uşaq məsələlərinin mediada" mövzusunda  yay təlim proqramında iştirak ediblər. 

 Layihədə universitetin III və IV kurs tələbələri-  Oruc Ələsgərov, Rəfiqə Abdinova, Simuzər Rzayeva, İlahə Səlimova və Fatimə Bağırova iştirak ediblər. Təlim proqramında müxtəlif sahələrdən olan mütəxəssislər və iştirakçılar bir araya gələrək, ailə, qadın və uşaq məsələlərinin mediada necə işıqlandırılması və bu mövzuların cəmiyyətə təsiri barədə geniş müzakirələr aparıblar. 
Beş gün davam edən düşərgə çərçivəsində iştirakçılar ailə və qadın hüquqları, uşaq müdafiəsi, gender bərabərliyi və bu mövzuların media vasitəsilə yayılması kimi əhəmiyyətli məsələləri dərinləşdirmək və bu sahədə bilik və bacarıqlarını artırmaq imkanı əldə ediblər. 
Tələbələrə nəzəri və praktiki sessiyalar təşkil edilib, müxtəlif tapşırıqlar və qrup işləri vasitəsilə iştirakçıların öyrəndikləri bilikləri praktikada tətbiq etmələri təmin olunub.
 Proqramın sonunda iştirakçılar sertifikatlarla təltif olunub və gələcəkdə bu mövzuların mediada daha geniş şəkildə işıqlandırılması üçün öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.
 Təlim proqramı iştirakçılara yeni biliklər qazandırmaqla yanaşı, onları daha aktiv və məlumatlı media nümayəndələri kimi formalaşdırmağa kömək edib.