Professor Dilarə İsmayılovanın “Dil və Mədəniyyət” adlı dərsliyi nəşr olunub

Azərbaycan Dillər Universitetinin (ADU) Xarici dillər kafedrasının pedaqoji elmlər doktoru, professor Dilarə İsmayılovanın “Dil və Mədəniyyət” adlı dərsliyi nəşr olunub. Yeni işıq üzü görən dərslik metodika elminə dəyərli töhfədir. Metodika, pedaqogika, psixologiya, didaktika, sosiolinqvistika və dilçilik üzrə ixtisaslaşmış doktorantlar, tədqiqatçılar və müəllimlər üçün faydalı dərslikdir. Dərsliyin əsas məqsədi ənənəvi və müasir təlim metodlarını xarici dilin tədrisi nəzəriyyəsi və metodologiyasındakı ən son yeniliklərlə birləşdirməkdən ibarətdir.
“Dil və Mədəniyyət” dərsliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunan tədris proqramlarına uyğun tərtib olunmuşdur. Dərslikdə təlim prosesi, tələbələrin bir-biri ilə qarşılıqlı əlaqəsi, dərsin necə idarə olunması, müəllim və tələbələrin orijinal materiallardan necə istifadə etməsi, ingilis dilinin tədrisinin əhəmiyyəti və inkişaf yolları təqdim olunur.
Dərslik yeddi fəsildən ibarətdir və hər bir fəslin öz məqsədi var. Hər bir fəsilin sonunda xarici dillərin tədrisi ilə bağlı aktual problemlərə aid suallar və bu suallara cavablar təqdim olunur. Dərslikdə mədəniyyətin tədrisi metodları, kommunikativ, mədəniyyətlərarası, multikultural bacarıqlar haqqında məlumat verilir. Dərsliyin sonunda isə biblioqrafiya verilib.
Dərsliyin ən mühüm cəhəti onun tətbiqi xarakterli olmasıdır. “Dil və Mədəniyyət” dərsliyi ali məktəb tələbələri, müəllimlər, doktorantlar, dissertantlar, ümumiyyətlə, ingilis dilini öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, xarici dillərin tədrisinin aktual problemlərinin tədqiqində və gənc alimlərin yetişdirilməsində əvəzolunmaz xidmətləri olan görkəmli və zəhmətkeş alim Dilarə İsmayılova 100-dən artıq elmi məqalənin, o cümlədən, 3 dərslik, 3 dərs vəsaiti, 2 monoqrafiya, 1 lüğətin, ingilis dili fənni üzrə proqramların və metodiki işləmələrin müəllifidir.

