Cavid Zeynallının “Həmin işıqlı günlər” kitabı çap olunub

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, yazıçı Cavid Zeynallının “Həmin işıqlı günlər” adlı hekayələr kitabı çapdan çıxıb.
Mədəniyyət Nazirliyinin Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının qərarına əsasən çap olunan kitabda müəllifin 15 hekayəsi toplanıb.
Kitab “Tuna” mətbəəsində işıq üzü görüb, redaktoru yazıçı Mübariz Örəndir.
Qeyd edək ki, Cavid Zeynallı “Leyla”, “Günəşi gözləyənlər”, “Şükriyyə” adlı kitabların müəllifidir. 2020-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə onun “Coğrafiya müəlliminin pencəyi” kitabı "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" (AKDT) layihəsi çərçivəsində 5000 tirajla Türkiyədə çap olunaraq, İstanbul Beynəlxalq Kitab sərgisində təqdim olunub.
Müəllifin Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın həyatından bəhs edən “Şükriyyə” adlı pyesi əsasında hazırlanan eyniadlı tamaşası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilib.