ADU-nun professorları Naxçıvanda keçirilən simpoziumda iştirak ediblər

May ayının 31-də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi və Azərbaycanda iqlim dəyişiklikliyi ilə bağlı COP-un 29-cu konfransının keçirilməsi ilə əlaqədar olaraq tədbirlər planı çərçivəsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dillər Universiteti və Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Naxçıvan xalçaçılıq məktəbi və xalçalarda təbiət motivləri” mövzusunda simpozium keçirilib.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin professor heyətinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova çıxış edərək bildirib ki, uzun illər insanlar tərəfindən müxtəlif məqsədlərlə məişət əşyası kimi istifadə olunan xalçalar sonradan xalqımızın milli sənət nümunələrindən birinə çevrilmiş, onun tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə ehtiva edib.
Daha sonra Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, tarix üzrə elmlər doktoru, professor İbrahim Kazımbəyli “Azərbaycanda xalçaçılığın tarixindən, xalçaçılığın inkişafının iqlim şəraiti ilə əlaqələri”, tarix üzrə fəlsəfə doktoru, dosent Xatirə Hacıyeva “Azərbaycanda ilk xalça muzeyinin yaradılması”, tarix üzrə fəlsəfə doktoru, professor Sevdagül Əliyeva və filologiya elmləri doktoru, professor Nərgiz Seyidova “Naxçıvanda xalça istehsalı üçün mövcud şərait, iqlimlə bağlı xalçalara tələbat”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ədalət Abdiyeva “Naxçıvanda yun və boyaq istehsalının təbii şəraitə müsbət və mənfi təsiri və digər mövzularda çıxışlar dinlənilib.
Sonra filologiya elmləri doktoru, professor Nərgiz Seyidova öz çəkdiyi rəsm əsərini K.Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə edib.
Sonda tədbir iştirakçıları Naxçıvan Dövlət Rəsm Qalereyasının və K.Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası ilə tanış olublar.





















