ADU-da imtahanların təşkili və keçirilməsi qaydaları
ADU-da imtahanların təşkili və keçirilməsi qaydaları
ADU-nun Elmi şurasının 28 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.
1. Tələbələrin imtahan zalına daxil olması və tərk
etməsi qaydası
1.1. Tələbə imtahan zalına tələbə bileti, bu olmadıqda şəxsiyyəti təsdiq edən digər şəkilli sənədlə daxil olur. Şəxsiyyəti təsdiq edən heç bir sənəd təqdim etməyən tələbə imtahandan kənarlaşdırılır.
1.2. Səhhətində yaranan narahatlıq halı istisna olmaqla imtahan zalını (otağını) icazəsiz tərk edən tələbə həmin imtahana yenidən buraxılmır.
1.3. Hər hansı üzrlü bir səbəbə görə imtahana gecikən tələbə istisna hallarda (sağlamlıq problemləri, qəza halları daxilində və s.) imtahana buraxıla bilər. Digər hallarda tələbələrin imtahan təyin olunan vaxtdan gec olaraq auditoriyaya və ya imtahan zalına daxil olması qəti yolverilməzdir.
2. İmtahan nəticələrinin ləğv edilməsinə səbəb olan
hallar
İmtahan zamanı aşağıdakı halların aşkarlanması həmin nəticələrin ləğvinə və tələbələr barəsində müvafiq intizam tədbirlərinin görülməsinə əsas yaradır:
2.1. Tələbələrin öz aralarında bir-birinə kömək etmək məqsədli olmasına əsaslı şübhə yaradan və bir neçə dəfə müşahidə edilən danışması;
2.2. İmtahanı keçirilən fənnə aid qeydlər olan kağızın bir tələbənin digərinə verməsi və ya digərindən alması;
2.3. İmtahanda digər tələbənin yazısından köçürməyə cəhd etməsi və ya köçürməsi;
2.4. Digər tələbənin köçürməsinə şərait yaratmağa cəhd etməsi;
2.5. İmtahan başlayandan sonra istifadə edib-etməməsindən asılı olmayaraq tələbədə konspekt, mobil telefon, “ağıllı” saat, mikroqulaqcıq, məsafədən ötürmə cihazı və s. digər yardımçı vasitənin aşkar edilməsi;
2.6. İmtahanda nəzarətçinin və ya imtahana məsul şəxsin əsaslı xəbərdarlığına qarşı etiraz və ya kobud rəftar edilməsi, habelə zalda səs-küy yaradılması;
2.7. Cavab kağızını göy rəngdən başqa digər rəngli (qara, qırmızı, bənövşəyi və s.) qələmlərlə, sadə karandaşla yazması;
2.8. Cavab kağızında xüsusi işarələr, xətt, qeydlər aparması;
2.9. Başqa bir tələbənin əvəzinə imtahan verməyə cəhd edilməsi və ya imtahan verməyin aşkar olunması;
2.10. İmtahan vərəqinin istənilən hissəsində sualın cavabına aidiyyəti olmayan ifadələrin, xüsusi işarələrin, simvolların, ad və ya soyadın, müəyyən qədər bala ehtiyacın olması və s. bu kimi ixtiyari əlavə məlumatverici qeydin yazılması;
2.11. İmtahan bitdikdən cavab vərəqini nəzarətçiyə təhvil vermədən tələbənin imtahan zalını tərk etməsi;
2.12. Tələbənin hər hansı bir üzrlü səbəb olmadan nəzarətçilərdən icazəsiz zalı (auditoriyanı) tərk etməsi.
3. İntizam pozuntusu halına dair protokolun tərtib
edilməsi qaydası
3.1. Tələbələrin intizam pozuntusu halına yol verməsi faktı aşkar olduqda dərhal protokol tərtib olunur. Protokol imtahan nəzarətçiləri, fakültə, habelə Biliyin qiymətləndirilməsi şöbəsinin əməkdaşı və tələbə tərəfindən imzalanır.
3.2. Barəsində protokol tərtib edilən tələbə protokolu imzaladıqdan sonra imtahan zalını tərk edir. Tələbə protokolu imzalamaqdan imtina etdiyi halda bu barədə protokolda nəzarətçilər tərəfindən müvafiq qeydiyyat aparılır.
3.3. Protokolun əsli aidiyyəti üzrə fakültə dekanlığına, surəti isə Biliyin qiymətləndirilməsi şöbəsinə təqdim edilir.
3.4. Protokol tərtib olunan tələbənin imtahan nəticəsi ADU-nun Biliyin qiymətləndirilməsi şöbəsi tərəfindən dərhal ləğv edilir. Barəsində protokol tərtib olunan tələbələr işləri ləğv olunan fənn üzrə imtahanı yenidən dinləyərək (alt qrup və ya yay məktəbində ) verə bilərlər.
3.5. İntizam pozuntusu halı haqqında fakültə dekanı, Biliyin qiymətləndirilməsi və Daxili Nəzarət şöbələri tərəfindən Rektora intizam tədbirinin görülməsinə dair təqdimat verilir.
4. Tələbənin təkrar imtahanlarında iştirakı
qaydası
4.1. Cari və əvvəlki semestrlərdən yaranmış akademik borcun ləğvi üçün fənni yenidən dinləmədən fənnin kreditinə müvafiq hesablanan məbləğin 25%-i məbləğində ödəniş edilməklə təkrar imtahan keçirilir.
4.2. Əvvəlki semestrlərdə yaranmış akademik borclar üzrə təkrar imtahanlar sessiya müddətində, cari semestrdən yaranmış akademik borclar üzrə isə sessiya bitdikdən sonra növbəti semestr başlayana qədər keçirilir.
4.3. Tələbələr üçün bir semestrdə cari və əvvəlki semestrlərdən yaranmış akademik borcların ləğvi məqsədilə maksimum 2 (iki) fəndən təkrar imtahan keçirilir. Bu məhdudiyyətin gözlənilməsinə fakültə dekanları, Biliyin qiymətləndirilməsi şöbəsi məsul hesab edilir.
4.4. Əvvəlki semestrlərdən yaranan akademik borc üzrə təkrar imtahan tələbənin həmin fənni (fənləri) son dəfə dinlədiyi semestr ərzində topladığı imtahanaqədər bal əsasında təyin olunur.
4.5. Tələbə son dəfə fənni (fənləri) dinlədiyi zaman davamiyyət limitini keçdiyi halda, onun həmin fənn üzrə əvvəlki istənilən imtahanaqədər topladığı bal əsasında təkrar imtahan təyin olunmur. Bu halda təhsilalan həmin fənn (fənlər) üzrə krediti alt qrupda, yaxud yay semestrində dinləməklə qazana bilir.
4.6. Müvafiq qaydada təyin olunmaqla keçirilən təkrar imtahana üzrsüz səbəbdən gəlməyən tələbələr üçün həmin fənlərdən yenidən imtahan keçirilmir. Onlar növbəti semestrlərdə həmin fənn üzrə akademik borcunu fənni (fənləri) alt qruplarda yenidən dinləmək və müvəffəq qiymət almaqla aradan qaldıra bilirlər.
4.7. Tələbələr akademik borcu yaranmış fənni alt qrupda dinlədiyi zaman davamiyyət limitini keçdiyi və bu səbəbdən imtahana buraxılmadığı halda, onların davamiyyətsizliyi 50 faizdən yuxarı olduqda həmin fənni (fənləri) yenidən alt qrupda dinləyir. Davamiyyət limiti 50 faizədək olduğu halda isə tələbələrin istəyi əsasında onların yay semestrində iştirakına icazə verilir.
4.8. Alt qrupda dinlədiyi fəndən nəticəsi “Qeyri-müvəffəq” və ya “Gəlmədi” olan tələbələrə həmin fənn (fənlər) üzrə də təkrar imtahan keçirilir.
4.9. Fənni yenidən dinləmədən təkrar imtahan (25%) verən tələbələr isə həmin semestr nəticəsinə görə təqaüd müsabiqəsində iştirak etmir.
5. Tələbələrin üzrlü səbəbdən imtahanlarda iştirakı
qaydası
5.1. Üzrlü səbəbdən imtahanlarda iştirak edə bilməyən tələbələr üçün akademik təqvimlə müəyyən edilmiş dövrlərdə fakültə dekanlığı və Biliyin qiymətləndirilməsi şöbəsi tərəfindən müvafiq qaydada Rektorla razılaşdırılmaqla imtahanlar keçirilir.
5.2. Üzrlü səbəblə bağlı müvafiq sənədi vaxtında təqdim edə bilməyən tələbələr (üzrlü səbəbi hələ də davam edən və ya elə həmin gün üzrlü səbəbi yarananlar) bir qayda olaraq həmin gün dekanlığına şifahi formada məlumat verir. Əks halda onların həmin fənn(lər)dən üzrlü imtahanda iştirakı “Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında əsasnamə”nin 14-cü bəndinə müvafiq olaraq təmin edilmir.
5.3. Üzrlü səbəbdən imtahana gəlməyən tələbələr üçün həmin semestrdə eyni fənn (fənlər) üzrə təkrar imtahan keçirilmir. Bu halda həmin fənn (fənlər) üzrə kredit tələbələr istəkləri əsasında növbəti semestrlərdə fənni alt qrupda dinləməklə və ya təkrar imtahanda, habelə yay semestrində iştirak etməklə qazanılır.
5.4. Üzrlü səbəbdən imtahanlarda iştirak edən tələbə həmin semestr nəticəsinə görə təqaüd müsabiqəsində iştirak edir.
6. Təhsil haqqı borcuna görə imtahanların “bloklanması” və həmin
imtahanların yenidən keçirilməsi qaydası
6.1. Təhsil haqqını müəyyən edilən vaxtda ödəmədiyi halda tələbələrin sessiya imtahanlarında iştirakına icazə verilmir və həmin fənn üzrə nəticə “Bloklanıb” kimi qeydə alınır. Bu imtahanlar təhsil haqqı borcu ödənildikdən (yaxud möhlət verildikdən) sonra müvafiq qaydada rektorla razılaşdırılmaqla keçirilir.