“Fransada sosial müdafiə və sosial təhlükəsizlik siyasəti” mövzusunda tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimovanın təşkilatçılığı ilə “Fransada sosial müdafiə və sosial təhlükəsizlik siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbirə Fransa vətəndaşı olan həmyerlimiz, Aleksandr Qlasberq Fondunda insan alverinə qarşı mübarizə şöbəsinin hüquqşünası Fidan Xəlilova qonaq qismində dəvət olunub. Fransanın sosial müdafiə və sosial təhlükəsizlik sahəsinə aid videoçarxı izlədikdən sonra tədbiri giriş sözü ilə açan Şəfa Əbdürrəhimova bu istiqamətdə müxtəlif məqamlara toxunulmağın mümkünlüyündən bəhs edib, cəmiyyətdə qadınların rolu və iş həyatında dövlətin onlara etdiyi güzəştlərdən bəhs etməsi üçün söz Fidan Xəlilovaya verilib.
Tədbir interaktiv formada təşkil olunub, Fidan Xəlilova tələbələrin sosial müdafiə sahəsində maraqlandıqları ən aktual məsələlərlə bağlı suallarını cavablandırıb, təhsil sahəsində tələbələrin daha da uğurlu olmalarının formulundan danışıb. Tədbirdə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Fransaşünaslıq ixtisası üzrə təhsil alan I, II və IV kurs tələbələri ilə yanaşı Regionşünaslıq kafedrasının əməkdaşları – Mahnur Babayeva, Aygün Soltanzadə, Aygün Seyidova da iştirak ediblər.
Sual-cavab və debat formatında təşkil olunmuş seminar, tələbələr üçün çox produktiv keçib.
Qeyd edilib ki, tədbir b/m Şəfa Əbdürrəhimova ilə hüquqşünas Fidan Xəlilovanın birlikdə təşkil etdiyi üçüncü tədbirdir. Bundan öncə də, Ş.Əbdürrəhimova Fransa ilə canlı bağlantı yaradaraq iki dəfə vebinar təşkil edib, Fransaşünas tələbələrə tədris olunan fənlərin mövzusuna uyğun olaraq F.Xəlilova ilə müxtəlif istiqamətlərdə müzakirələr aparıblar.