Tələbələr tərəfindən "Sosial şəbəkələrin yeniyetmələrə təsiri" adlı tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi Fidan Hacıyevanın rəhbərliyi ilə 177№-li tam orta məktəbdə pedaqoji təcrübə keçən Təhsil-1 fakültəsinin 416 qrupunun tələbələri tərəfindən "Sosial şəbəkələrin yeniyetmələrə təsiri" adlı tədbir keçirilib.
Yeniyetmələrin internetdən istifadəsinə həsr olunmuş tədbir məktəbin 5b, 5ç, 7a və 7d sinif şagirdləri iştirakı ilə ərsəyə gəlib.
Tədbirin əsas məqsədi internetin düzgün istifadəsi və eyni zamanda, internetdə yeniyetmələrin hansı təhlükələrlə qarşılaşa biləcəkləri haqqında məlumat verməkdir.
Tədbirdə məktəbin 7a sinif şagirdi yeniyetmənin diqqətli olmadığı təqdirdə internetin onun həyatına mənfi təsir edə biləcəyi haqqında təqdimatla çıxış edib. 5b və 5ç sinif şagirdləri müasir dövrümüzdə məktəblərdə rast gəlinən aktual problemlərdən bəhs edən səhnəcik nümayiş etdiriblər. 7d sinif şagirdi sosial şəbəkələr vasitəsilə dostluq münasibətlərinə əsaslanan şeir təqdim edib.
Tədbirdə direktor müavini Səadət Rzayeva, rus dili müəllimi İradə Süleymanova və ADU-nun Təhsil-2 fakültəsinin nəzdində Xarici Dillər kafedrasının müəllimi Arzu Ağakişiyeva iştirak ediblər.