Tələbələr tərəfindən “Təbiətin dostları” adlı bilik yarışması keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Zümrüd Qafarlının rəhbərliyi ilə Nərimanov rayonu Azad Hümbətov adına 291 №li Ekologiya liseyində pedaqoji təcrübədə olan tələbələri tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətin dostları” adlı bilik yarışması keçirilib.
Təhsil-1 fakültəsinin 404a və 406b qrupunun tələbələri - Aysel Hüseynli, Rəfiqə Aslanova və Şəbnəm Mədətova tərəfindən keçirilən yarış VIIIa sinif şagirdləri arasında olub.
Önvə Dövlət Himni səsləndirilib, daha sonra isə Heydər Əliyevin ekologiya sahəsində fəaliyyətini əks etdirən video çarx izlənilib.
Təcrübəçi tələbələr açılış nitqində Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqda məlumat veriblər. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Ölkəmizdə bu sahədə həyata keçirilən silsilə tədbirlər, görülən işlər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində yeni uğurların əldə olunmasına təkan vermişdi və “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” dövlət qarşısında duran vacib prioritetlərdəndir.
Yarışma “Ümumi dünya görüşü”, “Heydər Əliyev. Ekoloji siyasət” və “Recycle” sual-blokları üzrə 3 mərhələdən ibarət olmaqla 3 komanda arasında keçirilib.
Bilik yarışının əsasını təşkil edən, Azərbaycanda Ekoloji siyasətə dair video fraqmentlər, xüsusilə də, ölkəmizin bu sahədə fəaliyyətinə yönəlmiş suallar müəllim heyəti və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Günümüzün ən aktual məsələlərindən biri də təkrar emaldır.
Yarışın son mərhələsi olan “Recycle” - “Təkrar emal” sual-blokunda şagirdlər “Şəkillərdə göstərilən tullantıları necə yenidən istifadəyə yararlı hala gətirmək və onlardan başqa nə kimi istifadə etmək olar?” sualları ətrafında düşünüblər.
İştirakçılara təkrar istifadənin vacibliyi, onun əsas məqsədinin təbii sərvətlərin həddindən artıq istifadəsini əngəlləmək və ətraf mühitin çirklənməsinin qarşısını almaq olduğu qeyd edilib.
Yarışmada iştirak edən “Dünya”, “Təbiət” və “Göyqurşağı” komandalarının iştirakçılarının cavablarının düzgünlüyü və tamlığı münsiflər tərəfindən qiymətləndirilib.
Münsiflərin verdiyi qərara əsasən “Dünya” komandası qalib elan olunub, “Göyqurşağı” və “Təbiət” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə müəyyən edilib.
Yarışı məktəbin bir sıra müəllimləri, həmçinin, VIIa sinfinin rəhbəri İradə Zöhrabova, ingilis dili müəllimləri Nəzakət Salahova və Gülarə Əliyeva da iştirak ediblər.
Bilik yarışının sonunda onlar öz dəyərli fikirlərini bölüşərək, tədbiri yüksək qiymətləndirib, tələbə və şagirdlərə uğurlar arzu ediblər.
Sonda bütün iştirakçı şagirdlərə sertifikatlar, qalib komanda üzvlərinə isə əlavə olaraq hədiyyələr verilib.