XƏBƏRLƏR

ADU məzunlarının yarım əsrlik görüşü: xatirələr, nostalji anlar...

30 may, 2024

Mayın 29-da Azərbaycan Dillər Universitetindən (ADU) 50 il öncə məzun olan keçmiş tələbələrlə keçirilən təntənəli görüş universitetin parlaq keçmişini və əzəmətli bu gününü bir araya gətirdi, bu təhsil ocağının məzunlar üçün nə qədər doğma və əziz olduğunu bir daha təsdiqlədi.

Tədbiri giriş sözü ilə açan ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov məzunlarla görüşün - keçmişlə bu günü birləşdirən bu möhtəşəm tədbirin əhəmiyyətindən danışdı. “Bu gün burada, bu gözəl, doğma məkanımızda 50 il öncə məzun olmuş hörmətli dostlarımızı yenidən görmək bizim üçün böyük qürur və sevinc qaynağıdır. Sizlərin bu məkanda qoyduğunuz izlər bizim üçün ilham mənbəyidir. Hər birinizin həyat hekayəsi, uğurlarınız və nailiyyətləriniz Azərbaycan Dillər Universitetinin şanlı tarixində dərin izlər buraxıb”, - deyən Misgər Məmmədov məzunlara xoş arzularını bildirərək, onların universitetlə olan bağlarının dərin və çox dəyərli olduğunu vurğulayıb.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qonaqları salamlayaraq, bu möhtəşəm görüşün əhəmiyyətini vurğuladı,  universitetin keçdiyi 75 illik şanlı tarixə nəzər saldı. Son illərdə universitetin qazandığı nailiyyətləri, beynəlxalq səviyyədə nüfuzunun möhkəmləndiyini diqqətə çatdıran rektor ADU-nun dünya miqyasında tanınmış bir təhsil ocağına çevrildiyini və bu uğurların professor-müəllim heyətinin, məzun və tələbələrin ortaq əməyi ilə mümkün olduğunu vurğulayıb. Universitetin beynəlxalq əlaqələrindən, təhsil və elm sahəsi üzrə Azərbaycanda və beynəlxalq arenada əldə etdiyi uğurlardan danışan akademik Kamal Abdulla bildirib ki, Azərbaycan Dillər Universiteti QS 2024 sahələr üzrə dünya universitetlərinin reytinqində ölkə üzrə ən yaxşı nəticə əldə edib. Universitet “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olaraq, Azərbaycanın ali təhsil müəssisələri arasında bu sahədə böyük uğura imza atıb. Bu nailiyyət ADU-da tədris keyfiyyətinin və elmi-tədqiqat potensialının dünya səviyyəsində tanındığını göstərir. Bu yüksək reytinq universitetin dil tədrisindəki yenilikçi yanaşmalarını, eləcə də beynəlxalq əməkdaşlıqlarını və çoxsaylı layihələrini əks etdirir.

Görüşdə çıxış edən ADU-nun Ağsaqqallar Şurasının sədri Ələddin Əliyev bildirib ki, Azərbaydan Dillər Universiteti dünya dilləri üzrə mütəxəssislər hazırlamaqla yanaşı, həm də çoxşaxəli araşdırmalar aparan bir elm ocağıdır: “Azərbaycan Dillər Universiteti olaraq, biz hər zaman müasir tədris metodları və yenilikçi yanaşmalarla təhsil verməyə çalışırıq. Bu yolda əldə etdiyimiz uğurlar keçmiş məzunlarımızın da nailiyyətlərində öz əksini tapır”. Ələddin Əliyev məzunların öz sahələrində qazandıqları uğurları və cəmiyyətə verdikləri töhfələri yüksək qiymətləndirərək, onların universitetdən aldıqları bilik və təcrübələri uğurla tətbiq etdiklərindən danışıb: “Sizlər bu universitetin fəxrisiniz. Hər birinizin fərdi nailiyyətləri universitetimizin adını yüksəltmiş və onun nüfuzunu artırmışdır. Sizlərə gələcək həyatınızda da uğurlar arzu edirəm və inanıram ki, bundan sonra da ölkəmizin inkişafına böyük töhfələr verəcəksiniz”.

ADU-nun Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov görüşdə çıxış edərək bildirib ki, universitetdə bu cür tədbirlərin keçirilməsi keçmişin dəyərli xatirələrini yaşatmaq və gələcək nəsillərə ilham vermək baxımından əvəzolunmazdır. Bu görüş tədbirin məzunlar üçün nə qədər mənalı və dərin olduğunu bir daha göstərdi, çıxış edənlərin burada söylədikləri səmimi sözlər, ürəkdən gələn arzular bütün iştirakçılar üçün unudulmaz anlar yaşatdı.

Professor Əsgər Zeynalov məzunlarla görüşün universitetin ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək baxımından çox vacib olduğunu vurğuladı: “Bu gün biz keçmişlə bu günün vəhdətini bir daha hiss etdik. Bu görüş, yalnız nostalji anlar yaşatmaqla qalmır, həm də bizə gələcəyə ümid və ilham verir. Hər birinizi bu möhtəşəm tədbirdə görməkdən məmnunam və hamınıza ən xoş arzularımı bildirirəm”.

Görüşün əsas məqamlarından biri isə məzunların öz maraqlı xatirələrini bölüşmələri oldu. Onların tələbəlik illəri haqqında nostalji dolu hekayələri tədbirin emosional anları ilə yadda qaldı.

Çıxışını nostalji duyğularla başlayan 1974-cü ilin məzunu Afət Hüseynova xatirələrini bölüşərək bildirdi: “1974-cü ildə ADU-da həm dörd illik, həm də beş illik tədris proqramı üzrə təhsil alanlar məzun olub. İndi həmin vaxtdan yarım əsrlik uzun dövr keçib, hər şeyi dəyişib. Təkcə doğma universitetimizə olan sonsuz sevgimiz, xoş xatirələmiz dəyişməz qalıb”.

Tələbəlik illərində universitetdə aldığı bilik və bacarıqları yüksək dəyərləndirən Afət Hüseynova ona dərs demiş müəllimlərinin xatirəsini dərin hörmətlə yad etdi. O hər bir müəllimin özünəməxsus üslubu və şəxsiyyəti ilə yadda qaldığını, onlardan öyrəndiklərinin yalnız akademik biliklərlə məhdudlaşmadığını, həm də həyat dərsləri olduğunu qeyd etdi.

Görüşdə iştirak edən digər məzun, Əməkdar müəllim Cəbrayıl Şıxəliyev  xatirələrini paylaşaraq, universitetin bugünkü inkişafından qürur duyduğunu və ADU-nun dünya səviyyəsində tanınmış bir təhsil ocağına çevrildiyini fəxrlə dilə gətirdi: “Son illər Azərbaycan Dillər Universiteti ölkənin təhsil sahəsində nüfuzunu artırmış və tələbələr üçün cəlbedici bir təhsil mərkəzi olduğunu bir daha sübut etmişdir. Universitetin rəhbərliyi və professor-müəllim heyəti əldə olunan bu yüksək nəticənin davamlı olmasını təmin etmək və daha yüksək zirvələrə çatmaq üçün böyük əzmlə çalışır. ADU-nun qazandığı uğurlar Azərbaycanın ali təhsil sisteminin inkişafına böyük töhfə verir və gələcəkdə daha böyük nailiyyətlərin əldə edilməsinə stimul olur”.

Çıxışına şeirlə başlayan Həlimə İsgəndərova müəllimlərinin xatirəsini hörmətlə yad edərək, onların verdiyi dəyərli dərslər üçün dərin minnətdarlığını ifadə etdi. O, müəllimlərinin səylərinin heç vaxt unudulmayacağını və onların təsirinin gələcək nəsillərə də ötürüləcəyini vurğuladı. Qeyd olundu ki, ADU-da məzunlarla keçirilən bu unudulmaz görüş və çıxışlar, həm məzunlar, həm də tələbələr üçün universitet və müəllimlərinin dəyərini bir daha xatırladır və onların təhsil həyatında oynadığı rolu əyani şəkildə göstərir.

ADU-nun digər məzunu, Bahar Cəfərova tələbəlik dövründə müəllimlərinin onların həyatında necə böyük rol oynadıqlarından danışdı: “Bizə dərs deyən müəllimlərimiz həm peşəkar, həm də insani keyfiyyətləri ilə tələbələrə nümunə idilər. Onların bizə verdiyi təhsilin həyatda şəxsiyyət kimi formalaşmağımıza necə təsir etdiyini indi daha yaxşı başa düşürəm”. O, Azərbaycan Dillər Universitetində belə möhtəşəm görüşün təşkil edilməsinə görə universitet rəhbərliyinə dərin təşəkkürünü bildirdi: “Bu, keçmişin gözəl xatirələri ilə indiki naliyyətlərin birləşdiyi, nostalji və fəxarətlə dolu bir gün oldu. Bu tədbir ADU-nun keçmiş məzunlarına olan bağlılığını və onların nailiyyətlərini qeyd etməklə yanaşı, universitetin gələcək nəsillərə verdiyi dəyəri və perspektivləri bir daha nümayiş etdirdi”.

Azərbaycan Dillər Universitetində keçmiş məzunlarla keçirilən görüşün rəsmi hissəsindən sonra unudulmaz anlar başladı. 50 il öncə məzun olmuş tələbələrin şəkillərini əks etdirən slaydın ekranlarda nümayişi məzunları xəyalən o unudulmaz illərə apardı, yaddaşlardakı şirin xatirələri yenidən canlandırdı. Keçmişin bu ağ-qara şəkilləri hər bir məzunun gənclik illərinə, tələbəlik dövrünün qayğısız günlərinə, dostluq və sevgi dolu anlarına xoş səyahəti oldu.

Bu təqdimatdan sonra tədbirin bədii hissəsi başladı. Azərbaycan Dillər Universitetinin bədii kollektivi məzunlar üçün milli musiqi və rəqslərdən ibarət möhtəşəm bədii proqram hazırlamışdı. Səhnədə ifa olunan həzin mahnılar, dillərə dastan olmuş nəğmələr, gözəl musiqi sədaları hər kəsin ruhunu oxşadı. Rəngarəng rəqslər isə tədbiri daha da rövnəqləndirərək, iştirakçılara xoş anlar yaşatdı...

...Tədbirin sonunda məzunlar bir-biri ilə xatirələrini bölüşür, xatirə şəkilləri çəkirdilər. Hamı bu gözəl anları birlikdə yaşamağın sevinci içində idi. Nostalji dolu unudulmaz anlar, universitetin keçmişdən bu günə uzanan bağlarının nə qədər güclü olduğunu bir daha sübut edirdi. Universitet illərinin coşqusunu yenidən yaşayan məzunların gözlərdəki parıltı, üzlərdəki təbəssüm isə bu unudulmaz görüşün qəlblərdə necə dərin iz buraxdığını, yaddaşlardan heç vaxt silinməyəcəyini göstərirdi.

Sadiq Zaman,

filologiya üzrə fəlsəfə doktoru