XƏBƏRLƏR

“Təhsildə ən son tendensiyalar” adlı tədbir keçirilib

29 may, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının baş müəllimi Gülnar Abdullayevanın təşkilatçılığı ilə Təhsil 2 fakültəsinin II kurs 232A qrup tələbəsi Aydanın Əhədzadə tərəfindən “Təhsildə ən son tendensiyalar” adlı tədbir keçirilib.

Tədbirdə rektor məsləhətçisi Anar Osmanlı, Pedaqogika kafedrasının müdiri dos.Nigar Zeynalova, Təhsil 2 fakültəsinin dekanı dos.Salman Nuriyev, İbtidai sinif və İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Təlim modullar üzrə təşkil olunub.

  1. Uğura gedən yol
  2. "Demo dərslərinin" əhəmiyyəti
  3. Təhsildə ən son tendensiyalar
  4. Təlimin interaktiv şəkildə təşkili
  5. Covid-19 pandemiyasının təhsildə etdiyi dəyişikliklər.

Təlimçi modullar üzrə iştirakçıları məlumatlandırıb, müəllifi olduğu kitabdan müxtəlif tapşırıqları auditoriya daxilində interaktiv şəkildə işləyib. Təlimdə həmçinin, son tendensiyalarla bağlı geniş fikir mübadiləsi təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda Pedaqogika kafedrasının müdiri dos.Nigar Zeynalova çıxış edib. Kafedra müdiri çıxışında bildirib ki, bugünkü uğur ADU-nun İbtidai sinif müəllimliyi ixtisasında komanda olaraq çalışan müəllimlərin, təcrübə proqramlarının təşkilatçılığında iştirak edən mütəxəssislərin, bütövlükdə universitetin nailiyyəti kimi dəyərləndirilməlidir. Həmçinin, qeyd edib ki, İbtidai sinif müəllimliyi ixtisası ingilis dilində tədris olunur, burada dünyanın qabaqcıl təhsil təcrübəsinə malik universitetlərinin rəqabətədavamlı dərslikləri, təlim resurslarından istifadə edilir, dərslər praktikyönümlüdür, könüllü proqramları həyata keçirilir. Bu fəaliyyətin nəticəsidir ki, II kurs tələbəsi belə uğurlu təqdimatla çıxış edə bilir. Təlimin yekununda ADU-nun rektor məsləhətçisi Anar Osmanlı, Təhsil-2 fakültəsinin dekanı dos.Salman Nuriyev də tədbirlə bağlı fikirlərini söyləyib, təlimçiyə təşəkkürnamə, tədbir iştirakçılarına isə sertifikat təqdim ediblər.