A.A.Bakıxanovun 230 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) BMR fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası və Xarici dillər kafedrasının təşkilatçılığı ilə A.A.Bakıxanovun 230 illik yubileyinə həsr olunmuş “Azərbaycan tarixşünaslığının banisi” adlı tədbir keçirilib.
Tədbirdə kafedra müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı, professor İbrahim Kazımbəyli tədbirin əhəmiyyətini vurğulayaraq, A.A.Bakıxanovun Azərbaycan tarixşünaslığında rolundan bəhs edib.
Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar, professor Tofiq Bakıxanov A.A.Bakıxanov haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirdə sözləri A.A.Bakıxanova, musiqisi Tofiq Bakıxanova aid “Söz düşəndə” mahnısı səsləndirilib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi Ramin Quliyev “A.A.Bakıxanovun ədəbi, siyasi, tarixi görüşləri” adlı məruzəsində A.A.Bakıxanovun ictimai fikrin şüur formalarının müxtəlif sahələrinə-fəlsəfə, tarix, coğrafiya, məntiq və pedaqogikaya aid kitablar yazdığını, Bakıxanovun 1823-cü ildə vergi ödəyicilərini müəyyən etmək üçün təşkil edilmiş Qarabağ əhalisini siyahıya alan komissiyaya üzv olduğunu, 1828-ci ildə isə Türkmənçay danışıqları zamanı tərcüməçi kimi iştirak etdiyini, XIX əsrdə 3 dövlət- Osmanlı, Qacar və Rusiya tərəfindən orden və medallara layiq görülən nadir şəxsiyyətlərdən biri olduğunu diqqətə çatdırıb.
Tədbir iştirakçıların müzakirəsilə yekunlaşıb.

















