XƏBƏRLƏR

Akademik Kamal Abdulla Naxçıvanın 100 yaşlı kənd orta məktəbinin qonağı olub

24 may, 2024

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Naxçıvanın 100 yaşlı kənd orta məktəbinin qonağı olub. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfovun da iştirak etdiyi görüş Şahbuz rayon Kükü kənd orta məktəbində olub.

Məktəbin direktoru Mayis Məmmədov qonaqları salamlayıb, onları görməkdən şad olduğunu bildirib. Qeyd edilib ki, sevindirici haldır ki, bu il muxtariyyətin 100 ilində məktəbin də 100 yaşı tamam olur. O, 1924-cü ildə fəaliyyətə başlamış Şahbuz rayon Kükü kənd tam orta məktəbinin 100 illik yubileyinin keçirilməsi haqqında verilmiş qərarın təhsilə göstərilən diqqətin xüsusi təzahürü hesab edib. 

Direktor abituriyentlərin qazandığı uğurları diqqətə çatdırıb. Vurğulanıb ki, bu il məktəbi bitirən 9 şagirdin 8-i artıq universitetə qəbul olmaq yolunda ilk addımlarını atıblar. O, şagirdlərin eyni zamanda olimpiadalarda qazandığı nəticələrin də ürəkaçan olduğunu ifadə edib. Direktor bu il məzun olacaq şagirdlərin 2 nəfərinin qızıl medala layiq görüldüyünü bildirib. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Şahbuz rayon Kükü kənd orta məktəbinin kollektivini yubiley münasibətilə təbrik edib, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağında da Kükü kənd tam orta məktəbini bitirən və universitetdə çalışan 10-dan artıq ziyalının adını çəkib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov Şahbuz rayon Kükü kənd orta məktəbinin 100 illik yubileyinin qeyd olunmasını istər muxtar respublikanın, istərsə də ölkəmizin ictimai-mədəni həyatında mühüm hadisə kimi qiymətləndirib. Vurğulanıb ki, bu gün təşkil olunan görüş  məktəb kollektivi və şagirdlər üçün unudulmaz xatirələrlə yadda qalacaq. 

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla uşaqlıq xatirələrindən, kənddə keçirdiyi xoş günlərdən danışıb. Rektor bədii yaradıcılığından, müəllimlik təcrübəsindən söz açıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri kimi Azərbaycan xalqının həyat tərzi olan multikulturalizm barədə məlumat verib. Qeyd edilib ki, ölkəmizdə multikultural dəyərlər son dərəcə yüksək qiymətləndirilir. Bu, həm Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir, həm də xalqımızın canından, qanından gələn hisslərdir. O bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev başqa dinin nümayəndələrinə, digər millətlərə hər zaman böyük hörmətlə yanaşırdı. Kamal Abdulla müəllifi olduğu kitabları məktəbin kitabxanasına hədiyyə edib.

Kükü kənd tam orta məktəbinin yetirməsi, NDU-nun Bələdiyyə və turizm kafedrasının dosenti Əli Cabbarov da öz növbəsində müəllifi olduğu kitabları Kamal Abdullaya təqdim edib.