“Narkomaniya və onun fəsadları” mövzusunda seminar keçirilib
Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planına əsasən, Azərbaycan Dillər Universitetində “Narkomaniya və onun fəsadları” mövzusunda seminar keçirilib.
Seminarda spikerlər günümüzün ən böyük təhlükəsi hesab olunan narkomaniyanın fəsadlarının qarşısının alınması istiqamətində “Sevməyi seç” adlı təqdimatla çıxış ediblər.
Spikerlər tərəfindən narkomaniyanın formalaşma mərhələləri, psixoloji, fizioloji, sosioloji risk faktorları, qorunma və xilasolma yolları haqqında maarifləndirmə xarakterli məlumat verilib.
ADU tərəfindən keçirilmiş seminarda çıxışlar zamanı təhsilalanlara psixoaktiv maddə, onların mərkəzi sinir sisteminə təsiri, beynin funksiyalarını dəyişən, qavrayışda, hisslərdə, davranışda, şüurda və əhval-ruhiyyədə dəyişikliklərə səbəb olan fəsadlardan bəhs edilib. Seminarda Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova çıxış edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması, alverinə qarşı mübarizədə ailə, təhsil və cəmiyyətin qanunlar çərçivəsində birgə fəaliyyətinin zəruriliyini vurğulayıb.
Nigar Zeynalova bildirib ki, bu istiqamətdə məqsədyönlü maarifləndirmə işlərinin aparılması labüddür.
ADU-nun rektor məsləhətçisi A.Osmanlı çıxışında gənclər arasında narkomaniyanın fəsadlarının daha ağır olmasından söz açıb, narkomaniya ilə mübarizədə təhsil müəssisələrinin rolunun ölçüyəgəlməz olduğunu qeyd edib.
Təhsil 2 fakültəsinin dekanı dos.S.Nuriyev narkotik asılılıqla mübarizədə ailə və təhsil müəssisəsinin əməkdaşlığının zəruriliyini vurğulayıb, narkomaniyanı bəşəriyyət üçün böyük təhlükə kimi qiymətləndirib.