“Dünyada iqlim dəyişikliyinin səbəbləri və ona qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası tərəfindən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı “Dünyada iqlim dəyişikliyinin səbəbləri və ona qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dosent Sevinc Hüseynova qlobal tədbirin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətindən bəhs edib.
Tədbirdə Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Günel Xudayarova “29-cu Tərəflər Konfransının Azərbaycanda təşkili”, dosent, filologiya üzrə fəlsəfə doktoru Vəfa Babayeva “İqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatına təsiri”, dosent, filologiya üzrə fəlsəfə doktoru Zenfira Quliyeva “İqlim dəyişikliklərinin fəsadları”, dosent, filologiya üzrə fəlsəfə doktoru Qələmşah Heybətov: “Azərbaycanda iqlim dəyişmələrinin nəticələri və ona qarşı önləyici tədbirlər” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzəçilər COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın dünya birliyinin ölkəmizə qarşı olan böyük etimad və inamının göstəricisi olduğunu bildiriblər.
Tədbirdə Filologiya fakültəsinin dekanı professor Həmidə Əliyeva, tədris işləri üzrə dekan müavini Hürriyə Nəzərova və kafedra müdirləri qonaq qismində iştirak ediblər.