“GoGreenKeep it Clean!” adlı tədbir keçirilib

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının bir çox müəssisələrində, o cümlədən Azərbaycan Dillər Universitetində də bir sıra maraqlı tədbirlər keçirilir.
Bununla əlaqədar olaraq 20 may 2024-cü il tarixində Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı -1 kafedrasının dosenti Sevinc Tağıyevanın təşəbbüsü ilə həmin fakültənin II kurs, 204A qrupunun tələbələri ilə birlikdə “GoGreenKeep it Clean!” adlı tədbir keçirilib.
Tədbirdə rektorun məsləhətçisi Anar Osmanlı, İngilis dilinin leksikologiyası və üslubiyyatı -1 kafedrasının müdir müavini f.f.d., b/m Ülviyyə Əhmədova, dos. Amil Cəfərov, dos. Lalə Əsədova, dos. Mehriban Təhməzova və 207A qrupunun tələbələri iştirak ediblər.
Keçirilən tədbirdə 204A qrupunun tələbələri çox fəal iştirak edərək ekologiya ilə əlaqədar bir-birindən maraqlı məlumatlar vermiş, müxtəlif maraqlı təqdimatlar göstərmişdilər. Azərbaycan, ingilis və dünya ədəbiyyatından müxtəlif sitatlar gətirilmiş, təbiətin gözəlliyini tərənnüm edən şeir parçaları səsləndirilmişdir. Çıxışlarda təbiətin qorunmasının bütün dünya üçün vacib olmasına çağırış edilmiş, ekoloji problemlərin həllindən, ətraf mühitin qorunmasınınvacibliyindən söhbət açılmışdır. Məlumat və təqdimatlar həm Azərbaycan, həm də ingilis dilində çox yüksək səviyyədə səsləndirilmişdir.
Tədbirin bədii hissəsində tələbələr təbiətin qorunması, ətraf mühitin çirkləndirilməməsi üçün insanlara çağırış məqsədi ilə gözəl bir səhnəciklə çıxış etmişdilər. Səhnəcikdə “Təbiət ilahəsi” insanları təbiətə qarşı öz çirkin əməllərindən əl çəkməyə, təbiəti qorumağa səsləyir və sonda istədiyinə nail olur.
Tədbir həzin musiqi sədaları altında təbiətin qorunması çağırışına həmrəyliklərini bildirən tələbələrin əl-ələ tutaraq “Ana Təbiəti Qoruyaq!” şüarları ilə sonlandırılmışdır.
Tədbirlə bağlı təəssüratlarını bölüşmək məqsədi ilə Anar Osmanlı, dos. Amil Cəfərov, f.f.d., b/m Ülviyyə Əhmədova, dos. Lalə Əsədova, dos. Mehriban Təhməzova çıxış ediblər. Onlar öz çıxışlarında tədbirin çox maraqlı keçməsindən, tələbələrin fəal iştirakından, bu tədbirin ərsəyə gəlməsində aparılan araşdırmaların rəngarəngliyindən, aktuallığından söhbət açmışlar. Tədbirdə əməyi keçən müəllim və tələbələrə öz təşəkkürlərini bildirmiş və uğurlar arzulamışlar.

