XƏBƏRLƏR

Sərxan Abdullayevin yaradıcılığına həsr olunmuş “Dilin min bir dili” adlı tədbir

21 may, 2024

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı  kafedrasının sabiq müdiri professor Sərxan Abdullayevin elmi yaradıcılığına həsr olunmuş “Dilin min bir dili” adlı tədbir keçirilib. Çoxları S.Abdullayevi alman və Azərbaycan dillərində inkarlığın ifadə vasitələrinin məşhur tədqiqatçısı kimi tanıyır. Amma alimin yaradıcılığı çox zəngindir, onu bir tədbirdə işıqlandırmaq çətin olardı. Buna görə də S.Abdullayevin əsərlərində yer alan  mövzular əsasında onun yaradıcılığına qısa səyahət etməyi düşündük.  

Dünyanın obrazlı-poetik mənzərəsi adi-gerçək mənzərəsindən qat-qat parlaq, zəngin və geniş olur. Səs və söz təbiətdə olmayan gerçəklər, duyğu və təsəvvürlər yaratmaq, onları nizamlı bütövlüklər kimi təqdim və təlqin etmək gücünə sahibdir. Məlumdur ki, şeirdə, nəsrdə və dramaturgiyada sənətkarlığın tərkib hissəsi kimi dil matreialı, söz mühüm yer tutur.

Psixoloji lövhələrinn yaranmasında sənətkarların sözdən fərdi istifadə bacarığını tədqiq edən Sərxan Abdullayevə görə söz real olandan qat-qat realdır, əbədi olaraq yaşayandır, qalandır.

Bu mənada poeziyanın, bütölükdə ədəbiyyatın, söz sənətiniin yalan adlandırılmasına metafor kimi yanaşmaq gərəkdir. Metafor insanın ağlına, emosiyalarına fəal müdaxilə edir, bəzən qəfil semantik-assosiativ qavrayışla uyarlıqlar, uyğunluqlar, müqayisələr məntiqi ilə ən mübhəm gerçəkləri, detalları üzə çıxarır. Dilin bədii qavrayış prosesinə fəal təsirini tədqiq edən Misgər Məmmədova görə həqiqəti anlamağın ən qısa yolu metafor vasitəsilə həyata keçir.

Alman və Azərbaycan dillərində inkarlıq kateqoriyasının məşhur tədqiqatçılarından olan Sərxan Abdullayevə görə təsdiqlik və inkarlıq semantikasının realllaşmasında müxtəlif dil səviyyələrindən olan ifadə vasitələrinin toplanması, müstəqil məzmun və ifadə planlarının olması onlara vahid funksional-semantik qruplaşma kimi yanaşmağa imkan verir. Təsdiqlik və inkarlıq anlayışları əks qütblər olsa da, həm də bir-biri ilə əlaqədar olan, bir-birini doğuran, biri digərini şərtləndirən anlayışlardır. Sərxan Abdullayevə görə iki inkarlıq əlaməti eyni anlayışa aid olduğuna görə inkarlıq deyil, təsdiqlik alınır. İnkarı inkar fiquru ilə zəif, mücərrəd təsdiq deyil, əksinə, qəti-emosional təsdiqin poetik-üslubi “portreti” gerçəkləşir.

Sevgilimi sevməmişən ürəksiz,
Görüşünə getməmişəm çiçəksiz.
Vətənimçün olmamışam gərəksiz…
Bilir Vətən, bilir anam, beləyəm
Eşq oduna gərək yanam, beləyəm.

Sərxan Abdullayevin sərbəst şerin dili ilə bağlı fikirləri bütövlükdə ədəbiyyatşünaslığımız üçün maraq doğurur və bir çox hallarda poetika ölçüsü kimi götürülə bilər. Onun fikrincə, sözləri alt-alta düzməklə, güclə bir-birindən ayırmaqla sərbəst şeir yaranmır. Misraları şair özü deyil, fikir, hiss dartıb qırmalıdır. Təzə xətdə verilən hər söz məna yüklü olmalı, şeirin ahəng  tələblərindən doğmalıdır. Belə olmadıqda sözlər havada asılı qalır, estetik təsir vasitəsinə çevrilə bilmir.

Azərbaycan şairi R.Rzanın “Rənglər” silsiləsi sərbəst şeirdə metaforik qavrayışın imkanlarını dahiyanə bir həssaslıqla ifadə etməkdədir.

Sərxan Abdullayevə görə şair rəngləri yalnız təsvir etməklə kifayətlənmir, nəticə etibarilə hər bir rəngin öz obrazını yaradır. Aydındır ki, belə şeirlər ənənəvi mənada oxuyub estetik zövq almaqdan çox düşünmək üçün yazılır. Və böyük şair də bunun fərqindədir. Görünür, insanın dünyadan aldığı, ala biləcəyi ən böyük zövq dünyanın dərk olunmasının dərkedilməzliyindən alınan zövqdür. Həyəcan və düşünmək, duymaq, anlamaq fərəhindən alınan zövqdür.

AĞ RƏNG

Yuxulu körpənin təbəssümü.
Ümid.
Təmənnasız yaxşılıq.
"Sizdə xərçəng yoxdur"
sözlərinin deyildiyi dəqiqə.
insan səadətinə səbəb olan hər şey...
hətta,
təsəlli üçün deyilmiş yalan.
Bir də insan ülfəti.

 

MAVİ RƏNG

Dalğasız dəniz.
İztirabsız məhəbbət.
Səmanın dərinliyi.
Deqanın "Rəqqasələr"i,
Körpə bir rəssamın çəkdiyi günəş.
Gözlərin dincliyi.
İnsan düşüncələri.
Buz adaları arasında
su küçələri.

SARI RƏNG

Dolu dənli sünbül dənizi.
Şikəst bir övlad anasının bənizi.
Payıza bürünmüş ağaclar.
Payını güclülər yemiş aclar.
Məhəbbətə ləkə salan
cingiltili metal.
Həyatdan ayrılmış xəyal.
Simlərin fəryadı.
Yol çəkən gözlər.
Qüdrətli nərgizlər.
Debüssinin "Kürən saçlar"ı.
Sallaqxana qapısından girən
qafıl öküzlər.
Ağıllı dəli.
İnsan əməli.

QARA RƏNG

Namərd düşmən.
Şüurdan gizlənmiş qorxu.
Əbədi ayrılığın ağrısı.
Yaşamaq üçün sürünənlərin çoxu.
(Şikəst olub sürünənlər xaric)
Ağ yalan.
Dodaqları yandıran ah.
Edam gününə açılan sabah.
Ləkəli sözlər.
Gözlərin alovu.
Saçlar, qaşlar.
Qaranəfəs olmuş ceyranın əti.
Birdə
bəzi insan niyyəti.

 

Hadisə və predmetlərin özünəməxsus əlaqə formalarından biri olan Təzad fiqurunun yığcamlaşdırma, lakonik ümumiləşdirmə gücü onu az sözlə çox fikir ifadə etməyin təsirli vasitəsinə çevirir.  Təzad nitq ardıcıllığında real əksliklərin optimal dil işarəsi kimi gerçəkləşir. Sərxan Abdullayev müasir Azərbaycan şeirində Bəxtiyar Vahabzadəni təzad şairi, kontrast sənətkarı kimi tanıdır. Onun fikrincə, şair fəlsəfi-poetik düşüncələrini ümumiləşdirərkən həyat, insan və zaman, dünya və hadisələri haqqındakı poetik mülahizə və qənaətlərini ifadə edərkən həm yaxın, həm də məsafəli təzadları böyük məharətlə işlədir. Şair zamanın, insan münasibətləriniin müəyyən modellərini konkret təzad-paralellər əsasında təqdim etməyə çalışır.

Bir addıma qalxıram

Qalxanda beş pilləni.

Düşəndə bir pilləni

Beş addıma düşürəm.

Düşürəm... Yox düşmürəm,

Sanki yoxuş qalxıram.

Şeirin dolanbac yollarında “Təklik” Sərxan Abdullayevin xilaskarına çevrilir. “Təklik”də bəşər övladının müasir ovqatı, əzəli və əbədi sevginin ürəkdə  oyatdığı sehrli duyğuları və sarsıntıları, ayağımızın altındakı yaşadığımız müqəddəs torpağa bağlılığımız öz əksini tapmışdır. İnsan və onun cəmiyyətdəki yeri, Yer üzünə gəlişinin missiyası, zamandan maksimum dərəcədə bəşəriyyətin xeyri üçün çalışmaq hissi “Təkliy”in canı və mayasını təşkil edir. Söhbət Bəxtiyar Vahabzadənin “Təklik” şerindən gedir.

Xəyal gah dağdadır, gah da aranda,
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.

S.Abdullayev belə hesab edir ki, mətndə reallaşan konkret söyləmlər situasiyanın müxtəlif linqvistik qiymət dərəcələrini, qiymətləndirmə hədlərini əks etdirir. Sintaktik perifrazlar, evfemistik deyimlər gerçəkliyə müdaxilə edir, yeni təəssüratlar, alternativ situasiyalar yaratmaq imkanına malikdir.

”Söz var bir cürə deyərsən, insanın ruhu təzələnər, adamın qəlbi təzələnər, başqa cür deyərsən, adamın qəlbi kədərlənər.” Sərxan Abdullayevin fikrincə, nitq prosesində insanın qəlbinə təsir edən sadəcə olaraq onun eşitdiyi sözlər, işarələr yox, həmin sözlərin işarə kütləsinin yaratdığı fərqli situasiyadır, onun eşitmək istəmədəyi acı, dəhşətli həqiqətin şirin, rahat yalanlarla, evfemizm aldanışları ilə əvəzlənməsidir.

Bu zaman qarşı tərəfin xoşbəxtliyi məqsədin düzgün təyin olunması, alternativlər və məhdudiyyətlər çoxluqlarından düzgün baş çıxarmaq, üstün variantı düzgün müəyyənləşdirə bilməsindədir.

Obrazlı-poetik dil, məcaz şəkilləri mümkün olan, qavranıla bilən, arzu olunan gerçəklərin, xəyalların, sayysız-hesabsız görsənişlərin surətlərini yaratmaq, onları canlandırmaq, dünyanın ən müxtəlif modellərinii təqdim etməyin əvəzzsiz vasitəsidir.

Mübaliğəsiz demək olar ki, dil sistemində sinonimlik, alternativ adlandırma yaradıcılığı semantik detallaşdırmanın, aidetmə, dəqiqləşdirmə və fərqləndirmənin səmərəliliyini  təmin etmək məqsədilə meydana gəlmişdir. Heç kim Azərbaycan dilində “ürək”, “qəlb”, “könül” sözlərinin tam semantik şərhini verə bilməz. Onların məna ayrıclarını dəqiqliyi ilə təyin edə bilməz. Güman etmək olar  ki, “ürək” maddi-cismani, “qəlb” isə daha çox idealdır, qeyri-maddidir. “Könül” “ürəyə” nisbətən “qəlb” anlamına daha çox yaxınlaşır. Bəs “qəlb” özü nədir və sərhədlər hardan keçir?

Ürək odur daim yana,

 Od püskürə, alovlana.

 Od vermirsə qəlbə, cana

 Demək o heç ürək deyil.

 O heç mənə gərək deyil.

Beləliklə, sinonim, eyni və yaxın mənalılıq ehtiyatları yalnız bütövləşdirməyə, tamlaşdırmaya, digər tərəfdən də detallaşdırma və dəqiqləşdirməyə xidmət etmir, həm də düzgün və sahmanlı istifadə olunmadıqda lüzumsuz olaraq anlayışın, obyektin xırdalanmasına, qlobal qavrayış prosesində bütövlük təəssüratının azalmasına, zəifləməsinə və ya tamamilə itirilməsinə səbəb olur.

Azərbaycan dilində “dəfə” sözünün “yol”, “kərə”, “kəz”, habelə “mərhələ” kimi sinonimləri, funksional ekvivalentləri var. Ünsiyyətə xələl gəlməmək şərtilə əksər işlənmə məqamlarında “yol” və “”kərə” sözlərini cərgənin dominantı - əsas sözü olan “dəfə” sözü ilə əvəzləmək mümkünsür.

Neyçün könül dağladarsan?
Göz yaşlarım çağladarsan,
Sonra min yol ağladarsan,
İndi bir yol güldür məni.

S.Abdullayev elmi yaradıcılıqla yanaşı tərcümə ilə də məşğul olmuşdur. Onun professor Nəriman Seyidəliyev ilə birgə hazırladıqları “Alman atalar sözləri və onların azərbaycanca, rusca qarşılıqları” adlı lüğətini əvəzolunmaz vəsait hesab etmək olar. Bu kitab alman dilini bilən, bu dillə maraqlanıb, onu öyrənən və həmçiniin müxtəlifdilli oxucular üçün nəzərdə tutulmuşdur. S.Abdullayev F.Nitşenin aforizmlərini Azərbaycan dilinə tərcümə etmişdir. Bundan başqa Sərxan müəllim Aşıq Ələsgərin şeirlərinin tərcüməsində əmək sərf etmiş, kitabın redaktoru olmuş və ona ön söz yazmışdır. Bununla o, YUNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına salınan Azərbaycan aşıq sənətinin almandilli oxuculara tanınmasında öz töhfəsini vermişdir.

Düşdü

Çərşənbə günündə, çeşmə başında

Gözüm bir alagöz xanıma düşdü.

Atdı müjgan oxun keçdi sinəmdən,

Cadu qəmzələri qanıma düşdü.

Am Donnerstag traf ich die Schöne am Quell.

Die Augen bezauberten mich auf der Stell‘.

Die Pfeile der Wimpern durchbohrten mich schnell,

vom Bogen der schwungvollen Brauen gesendet.

Beləliklə, həm dilçi-alim, həm də tərcüməçi kimi elmdə öz möhrünü vurmuş Sərxan Abdullayev üslubu müəyyənləşdirərkən “Üslub insanın vizit vərəqəsidir” və ya “Üslub insanın üz cizgiləri/barmaq izləridir” kimi metaforlardan istifadə etməklə, yaxud fransız Büffonun ardınca “Üslub - insandır” deməklə ən tipik əlamət və ya səciyyəvi, aşkar görünən əlamətlərdən birini seçib ayırmaqla “fərdi üslub” anlayışının bir addımlığında dayanmış olur. Məşhur sovet dilçisi V.Vinoqradov “Öz ülubu olmayanlar qaranlıq gecədə qara pişik kimi görünməz olur” deməklə dil işarəsini şərh olunan objektə, bizi isə üslub idealına daha da yaxınlaşdırdı.

Məhz S.Abdullayev öz üslubu, dəsti-xətti ilə seçilən qələm sahiblərindəndir. O, dəqiq qiymətləndirmə qabiliyyətinə malik, çox hazırcavab, incə yumora malik, bir kəlmə ilə dərin fikir ifadə edən, az danışıb, çox fikir bildirən dahi alimdir.

Biz onu belə tanımışıq, belə sevmişik.

 

fil.f.d., dosent Xuraman Səlim qızı Əsgərova

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri