Açıq havada rəsm sərgisi keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrası və ADU TGT CreArt klubunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rəsm sərgisi və plastik torbalardan imtina məqsədilə ekoçantaların boyanması həyata keçirilib.
Filologiya fakültəsinin Beynəlxalq Jurnalistika ixtisası üzrə təhsil alan 149B qrupunun tələbələrinin iştirakı ilə keçirilən tədbirdə, Azərbaycan dilçiliyi kafedrasının müəllimi fil.f.d. Nəzrin Əliyeva COP29 barədə maarifləndirici məlumat verib.
Layihənin ideya müəllifi Azərbaycan dilçiliyi kafedrasının müəllimi Günel Ələkbərova və layihənin rəssamı Azərbaycan dilçiliyi kafedrasının müəllimi Könül Məmmədovanın rəhbərliyi ilə universitetin həyətində ekoçantaların boyanması həyata keçirilib.
Universitetin foyesində Azərbaycan dilçiliyi kafedrasının müəllimi Könül Məmmədovanın Qarabağın təbiətini əks etdirən rəsm əsərləri, həmçinin, kafedranın müəllimi Fəridə Cəmillinin hazırladığı Qarabağda ekoloji terrora həsr olunmuş fotostendi nümayiş etdirilib.
Sərgini ADU-nun rektoru akademik Kamal Abdulla, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Tamam Cəfərova, Ümumi işlər üzrə prorektor dosent Vüqar Mehrabov, həmçinin, universitetdə keçirilən Respublika elmi-praktik konfransının iştirakçıları, millət vəkilləri izləyiblər.
Filologiya fakültəsinin dekanı professor Həmidə Əliyeva, Azərbaycan dilçiliyi kafedrasının müdiri dosent Fərəh Niftəliyeva və Beynəlxalq Jurnalistika şöbəsinin müdiri Nərgiz Çərkəzqızı tədbir barədə məlumat veriblər.
Açıq havada davam edən tədbir tələbələrdə təbiətə sevgi və qayğı hisslərini aşılamaq istiqamətində daha bir addım olduğu bildirilib.