ADU-da Elmi Şuranın COP29 çərçivəsində növbədənkənar iclası keçirilib

Mayın 14-də Azərbaycan Dillər Universitetində COP29 çərçivəsində Elmi Şuranın növbədənkənar iclası keçirilib. İclasda millət vəkili, COP29 Təşkilat Komitəsinin üzvü Könül Nurullayeva qonaq qismində iştirak edib.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq bildirib ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən əhəmiyyətli tədbirlərindəndir. Azərbaycanın bu tədbirə yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına böyük təkan verəcək. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə müsbət imic qazanıb. İnanırıq ki, bu beynəlxalq tədbir də Azərbaycanda layiqincə həyata keçiriləcək.
COP29 Təşkilat Komitəsinin üzvü, millət vəkili Könül Nurullayeva bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi həm ölkə, həm də bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. COP29 dünyanın diqqətini Azərbaycana cəlb edəcək və onun davamlı inkişaf prinsiplərinə bağlılığını nümayiş etdirəcək. Bu, ölkə üçün iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirmək bir fürsət olacaq. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. COP29 Təşkilat Komitəsində qadınların da çox yer tutması Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizədə qadınların oynadığı rolun göstəricisidir.
ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova COP29-a hazırlıqla bağlı ADU-nun Fəaliyyət Planı haqqında məlumat verib. Bildirilib ki, COP29-a hazırlıqla bağlı ADU-nun Fəaliyyət Planı təsdiq olunub və artıq bu istiqamətdə fakültələr, ayrı-ayrı kafedralar üzrə işlərə başlanılıb. Bu istiqamətdə tədbirlər uğurla start götürüb: “COP29 çərçivəsində dəyirmi masalar, seminarlar, elmi müzakirələr aparılır, ekskursiyalar təşkil olunur. Bu kimi tədbirlərin il boyu davam etdirilməsi nəzərdə tutulur. ADU kollektivi ölkədə keçirilən bütün beynəlxalq tədbirlərdə yaxından iştirak etdiyi kimi, COP29 çərçivəsində də könüllülər, tərcüməçilərlə bu beynəlxalq tədbirə öz töhfəsini verəcək”.
Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov, Linqvokulturologiya kafedrasının müdiri, dosent Vüsalə Ağabəyli və digərləri çıxış edərək, COP29 kimi beynəlxalq miqyaslı tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin həm ictimai-siyasi nüfuzu, həm də uğuru olduğunu vurğulayıblar. Bildirilib ki, COP29 iqlim dəyişikliyi problemləri haqqında ictimaiyyətin məlumatlılığının artırılmasına kömək edəcək və insanların ətraf mühitin mühafizəsi fəaliyyətlərində iştirakını təşviq edəcək.













