Azərbaycanın Serbiyada döyünən ürəyi

Düz, 6 il öncə - 26 aprel 2018-ci il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayevin təşəbbüsü, Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin dəstəyi ilə Belqrad Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və Mədəniyyəti Mərkəzi”nin təntənəli açılışı oldu. Həmin əlamətdar tarixdən bir ay sonra isə güzgü effekti ilə Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə ADU-da “Serb dili və mədəniyyəti” mərkəzi açıldı...
Serbiyada “Azərbaycan dili və Mədəniyyəti Mərkəzi”nin açılışından 6 il keçməsinə baxmayaraq, Azərbaycanın Səfirliyinin əməkdaşları ilə birlikdə Mərkəzi və Şərqi Avropanın aparıcı ali təhsil ocaqlarından olan Belqrad Universitetinin rəsmiləri ilə aylarla apardığımız danışıqlarda keçirdiyim həyəcanı, razılaşma əldə edildikdən sonra Mərkəz üçün ayrılmış auditoriyada Azərbaycan ədəbi irsinin nümayəndələrinin bədii və elmi əsərlərini rəflərə düzərkən uşaq kimi sevindiyimi, Mərkəzimizin açılış mərasimində Səfirliyimizin əməkdaşları, ADU-nun rəhbərliyi və hörmətli qonaqlar qarşısında keçirdiyim fərəh və qürur hisslərini sanki yenidən yaşayıram.
Serbiyada yaşadığım müddət ərzində serb dilində müəllifi olduğum “Azərbaycana səyahət edirik” adlı tədris vəsaiti və danışıq kitabının, “Azərbaycan və serb xalqlarının tanınmış qadınları” adlı kitabının, akademik Kamal Abdullayevin “Platon deyəsən xəstələnib”, Çingiz Abdullayevin “Avropanın opponentləri” adlı əsərlərinin, 2018-ci ildə serb dilində nəşr olunmuş “Multukulturalizm: Azərbaycan təcrübəsi“ adlı məcmuələr toplusunun elmi redaktoru və ön söz müəllifi olduğuma görə, ADU-nun Elm şöbəsi və Belqrad Universitetinin Filologiya fakültəsinin birgə ərsəyə gətirdiyi 509 səhifəlik “Azərbaycanın mədəni kimliyi” kitabının tərtibatında yaxından iştirak etmiş bir şəxs kimi Serbiyada, eləcə də dil baxımından yaxın olan digər Balkan ölkələrində xalqımızın dili, onun zəngin tarixi və mədəni irsinin təbliğinə verdiyim töhfələr üçün çox böyük qürur hissi keçirirəm. Eləcə də, “Azərbaycan dili və Mədəniyyəti Mərkəzi”nin yaradılmasında fəal iştirakıma görə 2018-ci ildə Belqrad Universiteti tərəfindən “Fəxri Fərmanla”, Azərbaycan və Serbiya arasında mədəni əlaqələrin yaradılmasında yaxından iştirak etdiyimə görə 2019-cu ildə Serbiya Kral Akademiyasının məşhur serb yazıçısı, Nobel mükafatı laureatı İvo Andriç şərəfinə təsis etdiyi “İvo Andriç medalı” ilə təltif olunmağımı zəhmətimə verilən yüksək mükafat kimi dəyərləndirirəm.
Belqrad Universitetində fəaliyyət göstərən “Azərbaycan dili və Mədəniyyəti Mərkəzi”nin ilk rəhbəri kimi bu missiyanın həyata keçirilməsi üçün mənə güc və ilham verən Allaha, öz dəyərli tövsiyyələri və etimadı ilə mənə böyük dəstək verən hörmətli rektorumuz Kamal müəllimə, daim diqqət və köməkliyini bizdən əsirgəməyən Eldar müəllimə, Azərbaycanda ilk slavyanşünas alim kimi xeyir-duasını aldığım hörmətli professorumuz Cəlil Nağiyevə, hər zaman mənəvi dəstəyi, peşəkar məsləhətləri ilə bizə yol göstərən, serb yazıçısı Milorad Paviçin “Xəzər lüğəti” kitabını dilimizə çevirən Əlövsət Ağalarova, bir çox layihələrdə həmmüəllifi olduğum, Azərbaycan mədəniyyətini uzun illər Serbiyada və Balkanlarda layiqincə təmsil edən mərhum Zərifə Əlizadəyə, ADU-nun Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşlarına, Belqrad Universitetinin Filologiya fakültəsinin dekanı, professor Liliyana Markoviçə, professorlar Aleksandra Vraneş və Ema Milkoviçə öz dərin minnətdarlığımı bildirirəm.
Balkanlarda Vətənimizin və qəlbimin kiçik bir parçası hesab etdiyim “Azərbaycan dili və Mədəniyyəti Mərkəzi”nin yaranmasında və bu günədək uğurla fəaliyyət göstərməsində əməyi olan insanların haqqını heç zaman unutmur və onların zəhmətini böyük minnətdarlıqla vurğulamağı daim özümə mənəvi borc hesab edirəm. Bu mütərəqqi ənənənin layiqincə davam etdiriləcəyinə, “Azərbaycan dili və Mədəniyyəti Mərkəzi”nin uzunömürlü olacağına və getdikcə daha da çiçəklənəcəyinə böyük ümidlər bəsləyirəm.
Lalə Məcidova,
Filologiya üzrə fəlsəfə doktoru

















