XƏBƏRLƏR

Sevinc Fətəliyeva: “Tələbəlik illərimi həmişə minnətdarlıq və səmimiyyətlə xatırlayıram”

10 may, 2024

Sevinc Fətəliyeva: “Kamal Abdullanın tələbələri ilə səmimi münasibəti, yüksək intellekti və peşəkarlığı ilə hər bir tələbənin rəğbətini qazanmaqla bərabər, məhz seçdiyimiz ixtisası sevməyimizdə, elmə marağımızın artmasında xüsusi rolu olub”.

“Poliqlot”un “Fəxri məzunlarımız” rubrikasının budəfəki qonağı tanınmış dövlət və siyasi xadim, Milli Məclisin üzvü Sevinc Fətəliyevadır. Müsahibimizin səmimi düşüncələri, tələbəlik illərinin kövrək duyğuları bizi xanım deputatın parlaq xatirələri ilə birləşdirir. Nostalji notlarla köklənən müsahibədə Sevinc Fətəliyevanın tələbələrimizə dəyərli tövsiyyələri də unudulmur...   

– Sevinc xanım, siz tanınmış dövlət xadimi Həbib Fətəliyevin ailəsində anadan olmusunuz. Siz və qardaşınız – Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın Baş katibi Seymur Fətəliyev Azərbaycan Dillər Universitetinin məzunudur. Sizin hər ikinizin bu ali təhsil ocağını seçməyiniz nə ilə bağlı olub? Dilləri öyrənməyə maraq haradan qaynaqlanır?

– Düzgün qeyd etdiniz, bizim hər ikimiz Azərbaycan Dillər Universitetinin məzunlarıyıq. Sözsüz ki, hər bir fərdin formalaşması ailədən başlayır və ilk nümunəni oradan götürür, ailədaxili dəyərlər, dünyagörüşün formalaşması və qarşına qoyduğun məqsədlərə çatmaq inamının aşılanmasında ailənin rolu böyükdür. Hər ikimizin hələ məktəb illərindən dillərə marağımız var idi və çox gözəl anlayırdıq ki, hədəflərimizə çatmaq üçün dil bilgiləri vacibdir. Mükəmməl və yüksək səviyyədə dil biliyinə sahiblənərək gələcəyin savadlı kadrlarından olmaq istəyi məhz bu təhsil ocağını seçməyimizi qərarlaşdırdı. Dil öyrənmək hər kəs üçün tamamilə fərqli dünyaların qapısını açır, digər xalqların mədəniyyəti, incəsənəti və həyat tərzi ilə yaxından tanış olmaq imkanı verir. İnsanın bir neçə dildə danışa bilməsi həm şəxsi, həm də professional həyatda qarşıya qoyduğu məqsədlərə çatmasına çox böyük kömək edir.

Mənim tələbəlik illərim tarixin ən məhsuldar dövrünə təsadüf edib. Həmin vaxt yeni müstəqil dövlət formalaşırdı, Azərbaycan bütün istiqamətlər üzrə böyük uğurlara imza atırdı, beynəlxalq əlaqələrimiz genişlənirdi. Məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılır, beynəlxalq münasibətlər istiqamətində Azərbaycanın hörmətini əks etdirən tarixi hadisələr baş verirdi. Həmin illərdə xarici şirkətlərin ölkəmizə axını, Azərbaycan Dillər Unversiteti ilə yaranan yeni əmkadaşlıqlar, müsbət mənada cərəyan edən hadisələr maraq doğururdu. Belə bir dönəmdə, sözsüz ki, bizim ixtisasa və dil bilgisi olan gənclərə də ehtiyac duyulurdu ki, bu, bizim gələcəyimizə dair uğurlu planlar qurmağımıza imkan verdi.

– Tələbəlik illərində ən böyük arzunuz nə olub və ona çatmaq üçün sizə ən çox motivasiya verən nə idi?

– Tələbəlik dövrü xəyalların çiçəkləndiyi, məqsədlərin formalaşdığı və motivasiya mənbəyinə çevrildiyi vaxtdır. Hər birimiz  təhsil yoluna başladığımızda öz ümidlərimizi və arzularımızı reallaşdırmaq üçün sadəcə diplom almaqdan daha çox, daha böyük məqsədə nail olmağa çalışırıq. Xəyal quraraq, nəticədə özümüzə  nail olmaq istədiyimiz bir gələcək obrazı yaradırıq.

Tələbəlik dövründə mənim arzularım müxtəlif məqsədlər, fikirlərlərlə zəngin idi. Əvvəlcə, universitetdə dərsləri dərindən anlamaq və dərk etmək arzusu ilə oxumağa başladım. Bilik dünyasına daxil olaraq məlumat dairəmi genişləndirmək arzusu, mənim əsas hərəkətverici qüvvəm idi. Daha sonra hədəfim karyera inkişafı ilə bağlı idi. Öz sahəmdə yeni pillələrə addım-addım çatdığımı təsəvvür edirdim. Bilik və bacarıqlarımı təcrübədə tətbiq etmək, elmlə məşğul olmaq əsas məqsədim idi.

– Təhsil aldığınız müddətdə universitetin ictimai işlərində, tələbə təşkilatlarında fəaliyyətinizi necə dəyərləndirirsiniz? Bu fəaliyyət sizin karyera uğurlarınızı necə təmin etmişdir?

   – Tələbəlik illərində istər universitet daxilində, istərsə də universitet xaricində bütün tədbirlərdə fəal iştirak edirdim.  İctimai işlərdə, müxtəlif layihələrdə iştirak etmək özünü inkişaf etdirmək və bir gənc olaraq cəmiyyətə fayda vermək üçün əla fürsətdir. Müxtəlif bilgilər əldə etməklə yanaşı, komanda ilə işləmək, qarşılıqlı fəaliyyət göstərmək bacarığına yiyələnməyə də kömək edir. Sözsüz ki, bu cür xüsusiyyətlərə malik olmaq, gələcəkdə  karyerada üstünlük əldə etməyin vacib cəhətlərindəndir.

– Tələbəlik illərinizdə müəllimlərinizlə olan münasibətiniz həyatınıza necə təsir göstərib?

– Müəllimlik peşəsini seçməyimdə  mənə dərs deyən müəllimlərimin böyük rolu olub. Mən də çalışmışam ki, öz müəllimim kimi qayğıkeş, şagirdlərinə dəyər verən bir pedaqoq olum. Mənim fikrimcə, yaxşı müəllim olmaq təkcə fənnini yaxşı bilib tədris etməklə bitmir. Müəllim şagirdlərinə sevgi, şəfqət və mərhəmət hissi ilə yanaşmalıdır. Bütün şagirdləri ilə səbrlə davranmalı, yeri gələrsə, onları dinləməli, yol göstərməli, problemlərini həll etməkdə yardımçı olmalıdır. Müəllim öz fənninə duyduğu sevgisi ilə şagirdlərinə ilham verərək, onlarda özünə əminlik hissini formalaşdırmalıdır.

– Beləliklə, ADU-dan məzun oldunuz, həyatınızın yeni səhifəsi, fərqli dövrü başladı, millət vəkili kimi bir çox nailiyyətlərə çatdınız. Böyük hədəflərə aparan yolda universitet mühitinin, qazandığınız bilik və bacarıqların payı, rolu nədən ibarət oldu?

– İstənilən hədəfə çatmaq həmin məqsədi müəyyənləşdirməklə başlayır.  Müvəffəqiyyətli olmaq və öz potensialından maksimum səviyyədə istifadə etmək üçün hədəflərin qoyulması böyük əhəmiyyət kəsb edir.  Təbii ki, insan bir varlıq kimi inkişaf edərək formalaşır. İnsanın inkişafına, şəxsiyyətin formalaşmasına, ictimai mühit, təhsil mühiti, qazandığı bilik və bacarıqların rolu böyükdür.  Eyni zamanda, etimadı doğrultmaq, əzmkarlıqla işləmək, məsuliyyət hissi, böyük hədəflərə aparan yolda vacib xüsusiyyətlərdir.

– Universitet həyatı daha çox nələri ilə yadda qaldı?

– Mən tələbəlik illərimi həmişə minnətdarlıq və səmimiyyətlə xatırlayıram.  Hər kəsin yaddaşında mütləq şəkildə özü üçün örnək və məktəb bildiyi müəllimlər xüsusi yer alır. Mənim üçün də şəxsiyyəti, yüksək insani keyfiyyətləri, müəllim vəzifəsinin imkan verdiyi qədər yox, ürəyinin imkan verdiyi qədər öz tələbələrinin yanında olacaq miqyasda böyüklüyü ilə seçilən müəllimlərim olub. Onların arasında birinci kursda bizə dilçilikdən dərs deyən Kamal Abdullanı xüsusilə vurğulamaq istərdim. Onun tələbələri ilə səmimi münasibəti, yüksək intellekti və peşəkarlığı ilə hər bir tələbənin rəğbətini qazanmaqla bərabər, məhz seçdiyimiz ixtisası sevməyimizdə, elmə marağımızın artmasında xüsusi rolu olub. Kamal müəllim bizi təkcə peşəkar kimi deyil, eyni zamanda azərbaycançılıq, dövlətçilik ideyaları ilə yaşayan gənclər, vətəndaşlar kimi tərbiyə edirdi. Pedaqoji prosesə səriştəli yanaşma müəllimdən dərin bilik və bacarıq tələb edir. Kamal müəllim məhz dərin biliyə malik bir istedadlı peşəkar kimi elmi-bədii yaradıcılıqla paralel işlətməsi, dərslərə yaradıcı yanaşması bizim seçdiyimiz peşəyə marağımızı daha da artırırdı.

  Eləcə də müəllimlərimdən dərin ehtiramla Vilayət Hacıyevin adını çəkmək istərdim. Onun tərcüməçilik sahəsindəki yaradıcılığı isə əsl məktəbdir. Azərbaycan tərcüməçiliyinə, mədəniyyətinə böyük xidmətlər göstərən Vilayət müəllim tələbələrinə tərcüməçilik peşəsini sevdirməklə bərabər, alman ədəbiyyatının, alman fəlsəfi fikrinin görkəmli nümayəndələrini tanıdırdı. Sözsüz ki, peşəkar, səriştəli, yeni pedaqoji təfəkkürə malik müəllimlərin bizə dərs deməsi, eyni zamanda, onların tələbkarlığı bizim həyatımızda önəmli rol oynayıb, tələbəlik illərimizi daha dəyərli və yaddaqalan edib.

– Məzun olduqdan bir müddət sonra Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətə başladınız, kafedra müdiri işlədiniz. Həmin vaxt sizi siyasi fəaliyyətə səsləyən, millət vəkili kimi hədəflərinizi formalaşdıran səbəblər nə idi?  

– Öncə deyim ki, ilk təhsilimə erkən yaşlarımda başlamışam. Dərs oxumağa, məktəbə getməyə çox böyük həvəsim olub. Təbii ki, ilk auditoriyaya daxil olmağımı unutmaq da çətindir. Çünki ilk tələbələrimlə aramızda elə böyük yaş fərqimiz olmayıb. Bəzən dekanlıqdan yoxlanış gələndə gedib deyirdilər ki, müəllim auditoriyada yoxdur. Gəlib yoxlayanda mənim müəllim oluğumu bilirdilər. Bu cür hallar bir neçə il davam edib. Həmişə çalışmışam ki, tələbələrlə dərs zamanı səmimi münasibət yaradım. İngilis dili kafedrasına rəhbərlik edirəm. Müəllim olmaq, elmlə məşğul olmaq mənim üçün çox maraqlıdır.

Siyasi mühit  isə fərqlidir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində təmsilçilik qürurverici, eyni zamanda, deputat kimi ölkənin mövqeyini müdafiə etmək məsuliyyəti var. Dil bilgilərindən istifadə edərək Azərbaycanın haqlı mövqeyini müdafiə etmək, müxtəlif görüşlərdə haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq qarşıma qoyduğum məqsədin qayəsidir.

 – Bu gün Azərbaycan Dillər Universiteti yeni hədəflərə, uğurlara doğru inamla addımlamaqda davam edir. Məzunu olduğunuz ali təhsil ocağının uğurlarını necə qiymətləndirirsiniz?

– Bu gün Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edir. Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət verilir. Ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz Azərbaycan Dillər Universitetinin də qarşıya qoyulan hədəflərə çatmaqda, layiqli vətəndaş, savadlı kadrların yetişdirilməsində böyük payı var. Bir məzun kimi universitetin ölkəmizin iştirakına verdiyi töhfəni görür, qürurlanır və davamlı olmasını diləyirəm.

– Bəlkə də, bir vaxtlar dərindən hiss etmədiyiniz tələbəlik duyğusunu, zaman keçdikcə həsrətlə xatırlamağa başlamısınız. Məzun olmaq əslində universitetə heç vaxt olmadığı qədər daha çox bağlanmaqdır. Qəlbinizdə belə xoş hisslər, yenidən tələbə olmaq istəyi tez-tez baş qaldırır?  

– İnsanın həyatında elə xoş xatirəsi, işığı bir ömrə bərabər elə unudulmaz illəri, günləri olur ki, həyatının sonuna qədər bu şirin xatirələrin işığına sığınmaq, istisinə qızınmaq sənə bəs edir. Hər dövrün öz tələbi, öz diktəsi var. Həyat davam edir, insan fərd olaraq kamilləşir, hadisələrə münasibəti dəyişir. Mən düşünürəm ki, keçən dövrün nisgilini, həsrətini deyil, həmin illərə dəyər verərək, gələcəyin daha uğurlu olması naminə addımlar atılması önəm daşıyır.

– ADU-nun tələbələrinə, uğur qazanmış bir məzun kimi, öz təcrübənizdən nələri paylaşmaq istərdiniz? Həm universitetimizin məzunları, həm də indiki tələbələr üçün motivasiya verici mesajınız varmı?

– Özünüzə hədəflər qoymaq təhsil yolunda sizi irəli aparan hərəkətverici qüvvədir. Bu yolda böyük və ya kiçik olmasından asılı olmayaraq, hər bir məqsəd gələcəyimizə doğru atdığımız addımların bir parçasıdır. Bu yolda dayanmadan çalışmaq, biliklər əldə etmək, qazandığınız nailiyyətlərin davamlı olması üçün özünüzü güclü şəxs kimi inkişaf etdirməlisiniz. Unutmayın ki, gələcək uğurların qarantı bu gün atdığınız düzgün addımlardan asılıdır!

Söhbətləşdi: Sadiq Zaman