Həyatının məqsədi Azərbaycan olan Ümummilli Lider
Həyatının məqsədi Azərbaycan olan Ümummilli Lider
Heydər Əliyev – 101
101 il əvvəl Naxçıvanda, sadə bir ailədə dünyaya gələn Heydər Əliyev ictimai, siyasi fəaliyyətə hələ gənc yaşlarından dövlət qulluğunda başlamışdı. Sonralar onun nəhəng bir ölkənin rəhbərlərindən olması, dünya miqyasında şöhrət qazanaraq öz xalqını şərəfləndirməsi, onun əsl lider kimi çox mürəkkəb və məsuliyyətli missiyanı şərəflə yerinə yetirməsi Ulu Öndərə qismət olan bənzərsiz bir taledir.
“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmətim olub” – deyən Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir.
Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi klassik və müasir mənada dövlətçiliyin prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu qüdrətli şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını şərtləndirən amillərdəndir.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın mili iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi.
O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı çox məharətlə bacarırdı. Bu məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdən idi...
1993-cü ilin iyun ayının 15-də Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı. Ölkəyə rəhbərlik edən səriştəsiz siyasi qruplar çıxış yolu tapa bilmirdilər. Erməni quldurları isə addım-addım müstəqil dövlətçiliyimizə qəsd etməkdə idilər. Onların qarşısını almaq mümkün olmurdu. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin siyasət səhnəsinə qayıdışına nail oldu.
Hər şey həmin tarixdən – 15 iyundan başladı. Bu tarix bir neçə anlamda Azərbaycanın qurtuluşunun başlanğıcı oldu. Birincisi, dövlətçilik ideyası iflasdan qurtuldu. Çünki dövlət idarəçiliyinin nə olduğunu bilməyən naşı adamlar Azərbaycan cəmiyyətində tədricən müstəqillik ideyası ilə bağlı bədbin əhval-ruhiyyə yaradırdılar. Bir-birini əvəz edən məğlubiyyətlər insanlarda belə bir şübhə yaradırdı: “Bəlkə, biz heç müstəqil dövlət qurmağa qadir deyilik”. Tarix göstərir ki, bu pessimizm çox təhlükəlidir və faktiki olaraq millətin öz məğlubiyyətini qəbul etməsinin ilk dərin göstəricisidir.
Düşmənlər tərəfindən aparılan təxribatçı ideoloji fəaliyyət yaranmış vəziyyəti daha da acınacaqlı edirdi. Bu məqamda siyasət səhnəsinə Heydər Əliyev çıxdı və xalqda dövlət quruculuğuna dərin inam yaratdı.
Heydər Əliyev hər şeydən əvvəl, təmkinli, ölçülü-biçili, inamlı və real siyasəti ilə vəziyyəti dəyişdi. Müxtəlif bölgələrə səfərləri zamanı siyasi qruplar arasındakı ziddiyyətləri yumşalda bildi və onlara dövlət üçün çalışmağın əsas vəzifə olduğunu anlatdı.
Azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Heydər Əliyev fenomeninin sirri vətənə, xalqa məhəbbətdə, doğma torpağa sədaqətdədir.
Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır. Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışı – 1993-cü ilin 15 iyunu “Azərbaycan xalqının Milli Qurtuluş Günü” kimi hər il təntənə ilə qeyd edilir.
Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.
Məhz belə mürəkkəb bir şəraitdə, 1993-cü ilin yayında Ümummilli Lider xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deməklə siyasi fəaliyyətə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejimlə daban-dabana zidd olan demokratik-hüquqi dövlət yaratmağı bacardı.
Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusi strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq kifayətdir.
Prezident Heydər Əliyev 1999-cu il iyunun 15-də “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nı təsdiq etdi. Üç mərhələdən ibarət olan bu islahat proqramı miqyasına, əhatə dairəsinə və müddətinə görə ən böyük Dövlət Proqramı idi və təhsil sisteminin XXI əsrin çağırışlarına cavab verməsinə, Avropa əmək bazarına çıxışın təmin edilməsinə yönələn qərarların başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycanın təhsil sistemində keçmiş ənənələrdən, nailiyyətlərdən, böyük potensialdan istifadə edərək təhsil sistemini yeni tələblərə uyğunlaşdırmaq, islahatlar həyata keçirmək işi başlanmışdı”.
Ümummilli Lider Heydər Əliyev müstəqillik dövründə də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasını həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Məsələn, 2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi qiymətləndirilir. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı da ölkədə bu sahədə yaranmış problemlərin aradan qaldırılması yönümündə müstəsna əhəmiyyətə malik dövlət sənədi olmuşdur.
Heydər Əliyevi tanıyan hər kəs onun necə uzaqgörən və bacarıqlı dövlət başçısı olduğunu deyir. Heydər Əliyev tək təhsildə deyil, Azərbaycanın dünyada tanınmasında və Dağlıq Qarabağın azadlığı uğrunda qərarlı danışıqlar aparmış, eyni zamanda əhalinin təhlükəsizliyinin qorunması, insanların rifah halının yaxşılaşması üçün bir çox uğurlu tədbirlər həyata keçirmişdir.
İradə Sərdarova,
Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Dillər Universitetinin dosenti,
Yeni Azərbaycan Partiyasının üzvü