XƏBƏRLƏR

ADU-nun tələbələri tərəfindən "Əziz Şuşa, Sən Azadsan" adlı tədbir keçirilib

07 may, 2024

Azərbaycan Dillər Universitetinin Nəsimi Rayonu İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə təcrübədə olan (417B və 418A) tələbələri -  Aysu Eminli,  Səyalı Vəliyeva,  Mənzər Cəfərzadə,  Ziba Mirzəli, Vüsalə Hüseynova, Günay Abbaslı və Filologiya fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Nigar Həmidovanın rəhbərliyi ilə "Əziz Şuşa, Sən Azadsan" adlı tədbir keçiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sözügedən məktəbin 5 və 6 cı sinif şagirdləri "Salam Əziz Şuşa, biz qayıtmışıq" şeirini səsləndirib, "Şuşanın dağları" musiqisinin sədaları altında rəqs nümayiş etdiriblər.

Tələbələrin hazırladığı "8 may - Azərbaycanlıların Şuşadan çıxarılması" və "8 noyabr - Şuşaya qayıdış" görüntülərini əks etdirən müqayisəli videoçarx təqdim olunub. 

8 ci sinif şagirdinin ifasında dastana dönən şəhid Xudayar Yusifzadənin ölməz xatirəsinə hörmət əlaməti olaraq, onun şəhadətindən sonra "Xudayar təsnifi" adlandırılan "Vətən yaxşıdır", "Anadır arzulara hər zaman Qarabağ" mahnıları səsləndirilib.

10 cu sinif şagirdləri "Vətən sağ olsun" əsərindən bir parça ilə Azərbaycan bayrağının Şuşaya sancılması anını canlandırıblar. 

Tədbir məktəbin xor qrupunun ifasında "Çırpınırdı Qaradəniz" mahnısı ilə yekunlaşıb.

Tədbirin keçilməsində məqsədin Şəhidlərimizin əbədi xatirəsini yad etmək, məktəbli şagirdlərə Vətənpərvərlik duyğularını aşılamaq olduğu bildirilib.

Tədbirdə məktəbin direktoru Firəngiz xanım Həmidova, təlim-tərbiyə üzrə direktor müavini Gülşən Allahverdiyeva, sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Gülnarə Zeynalabdinova, ADU-nun Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının metodisti Nigar Həmidova ,təcrübəçi tələbələr, şagirdlər və digər müəllimlər iştirak ediblər.

Sonda məktəbin direktoru Firəngiz xanım Həmidova tədbirlə bağlı fikirlərini bildirib və tədbirin təşkilində fərqlənən şagirdlərə sertifikatlar təqdim olunub.