XƏBƏRLƏR

Türkoloq alim Fikrət Türkmənin ustad dərsi keçirilib

06 may, 2024

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və Tolerantlıq ideologiyası” VII Beynəlxalq  elmi konfransı çərçivəsində universitetin Ulu Öndər Heydər Əliyev lektoriyasında Türkiyə Respublikası Ege Universitetinin professoru, tanınmış türkoloq alim Fikrət Türkmənin ustad dərsi keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli qonağı və tədbir iştirakçılarını salamlayıb, professor Fikrət Türkmənin türk dünyasında tanınmış bir türkoloq, folklorşünas, ədəbiyyatşünas alim kimi keçdiyi yoldan bəhs edib. 

Professor F.Türkmən Türk dünyasında Xalq hekayələri və dastanlarının yaranması, inkişafı, formalaşması, günümüzə qədər keçdiyi yoldan bəhs etmişdir. Türk xalqlarının yayıldığı coğrafiyalarda  şifahi xalq ədəbiyyatının ortaq bağlılığı  və günümüzə qədər gəlib çatmasını xronoloji ardıcıllıqla izah etmişdir. Günümüzdə bu istiqamətdə görülən işlərdən qarşıda hələ ümumtürk gəncliyini öyrənib, araşdırmalı olan məsələlərdən bəhs etmişdir.

Ustad dərsində iştirak edən tələbələr və müəllimlərin çoxsaylı sualları ustad türkoloq tərəfindən ətraflı cavablandırılmışdır. Mövzu ətrafında maraqlı müzakirələr, fikir mübadiləsi aparılmışdır.  Fakültə dekanı professor İ.Kazımbəyli maraqlı çıxışa görə F.Türkmənə tədbir iştirakçıları adından öz minnətdarlığını bildirmişdir. Prof. F.Türkmənin ustad dərsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.