Əhmədov Fazil Zaməddin oğlu - Başsağlığı
Əhmədov Fazil Zaməddin oğlu - Başsağlığı
Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi dosent Fazil Əhmədovun vəfatına kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Fazil Əhmədov 1950-ci ildə Qəbələ rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1958-1968-ci illərdə Qəbələ rayonu 1 nömrəli orta məktəbi, 1968-1972-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdir.1972-ci ildə Qəbələ rayonu 8 illik məktəbində müəllim işləmiş, 1979-cu ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1994-cü ildə ADU-nun Ümumi və Azərbaycan dilçiliyi kafedrasında, daha sonra Azərbaycan dilçiliyi kafedrasında müəllim işləmişdir. “Molla Vəli Vidadinin dili (leksika və frazeologiya)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 2005-ci ildə Azərbaycan dilçiliyi kafedrası üzrə dosent elmi dərəcəsi adını almışdır.
34 məqalə, 1 dərslik, 3 proqram, 1 lüğət, 2 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir. “Dildə zamanın koqnitiv-semantik xüsusiyyətləri”, “Leksik təkrarlar mətnin təşkilinin aparıcı üsullarından biri kimi”, “Orta əsrlər Azərbaycan yazılı abidələrinin leksikası haqqında bəzi qeydlər”, “İngilis dilindəki frazeoloji birləşmələrdə toponimlərin işlənməsi”, “Azərbaycan dilində indiki və gələcək zamanın arxaik formaları” və s. məqalələrində dilçiliyin müxtəlif sahələri əhatə olunmuşdur.
1991-ci ildə çap olunmuş bircildlik “Azərbaycan ədəbi dili tarixi” kitabının, 1994-cü ildə hazırlanmış üçcildlik “Azərbaycan dilinin tarixi lüğətinin”, 2000-ci ildə çapdan çıxmış MTK-nın 6-cı sinfi üçün “Ədəbiyyat” dərsliyinin həmmüəlliflərindən biri və redaktoru olmuşdur.
2005-ci ildə “XVIII Azərbaycan ədəbi dilinin inkişafında M.V.Vidadinin rolu”, 2018-ci ildə “Köməkçi nitq hissələrinin semantik xüsusiyyətlərinin tədrisi məsələləri” adlı dərs vəsaiti çap olunmuşdur.
Pedaqoji fəaliyyəti dövründə tələbələrin sevimlisi olmuş, onların yetişməsində böyük rol oynamışdır.
Fazil müəllimin xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.