“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Heydər Əliyevin rolu” adlı dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetinin 39 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan 426B qrupunun tələbələri– Sevda Əhmədova, Lamiyə Rüstəmli, Aydan Quliyeva, Bəsdi Quluzadə, Aytən Zahid, Leyla Bayramova, Ləman Həşimova, Züleyxa Məmmədova, Fidan Mirzəyeva və həmçinin, Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi, metodist, ped.f.d., dos. əvəz. Könül Fərəcbəylinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” tədbirləri çərçivəsində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Heydər Əliyevin rolu” adlı dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dosent Sevinc Hüseynova açıb.
Tədbirdə Filologiya fakültəsinin dekanı professor Həmidə Əliyeva, Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Hürriyə Nəzərova, ped.f.d., dos. əvəz. Mehbarə Qəribova, b/m. Aygün İbrahimova, m. Sevinc Hüseynova və universitetin başqa əməkdaşları iştirak edib.
Moderator Sevda Əhmədova tədbirin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin 25 dekabrında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq keçirildiyini bildirib. Həmçinin, iştirakçı tələbələr tərəfindən tədbirin ətraf mühitə diqqət çəkmək, təmizlik və birlik hissi yaratmaq məqsədi ilə təşkil edildiyi qeyd olunub.
Dəyirmi masada bir çox mövzular haqqında - Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təbiətə qayğıkeş münasibəti, Azərbaycanın ətraf mühit problemləri, bioloji müxtəlifliyin qorunması, ekoloji monitorinq məsələləri, müasir dövrdə ekologiya və ətraf mühitin qorunmasında rəqəmsal texnologiyalar, süni intellekt faktoru və s. məlumatlar verilib, çoxsaylı videoçarxlar nümayiş olunub.
Həmçinin, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası olan - COP29-a bu il Azərbaycanın ev sahibliyi edəcəyi barədə də geniş məlumat verilib.
Bundan əlavə, işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının əhəmiyyəti və mahiyyəti diqqətə çatdırılıb.
Tədbirin sonunda metodist Könül Fərəcbəyli iştirakçıları təmiz dünya naminə həmrəylik inanclarını və motivasiyalarını gücləndirməyə çağırıb.