XƏBƏRLƏR

ADU-nun müəllimi Azərbaycan-Pakistan poeziya və mədəniyyət gecəsində iştirak edib

06 may, 2024

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Sevda Abuzərli, aprelin 30-u Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan-Pakistan poeziya və mədəniyyət gecəsində iştirak edib.

 Mədəniyyət gecəsi ölkəmizin yaxın dostu Sultan-ul-Arifin Sultan Bahunun 10-cu nəslindən olan, Pakistanın MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlinin şərəfinə təşkil edilib.

Qeyd edək ki, Sahibzadə Sultan Əhməd Əli Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Bakıya qonaq gəlib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olub.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və “Söz” ədəbi layihəsinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Dialoq formatında keçirilən tədbirdə Zati-aliləri Sahibzadə Sultan Əhməd Əli və “Söz” ədəbi layihəsinin rəhbəri, tanınmış şairə Nigar Həsənzadə Azərbaycan və Pakistan arasında mövcud olan möhkəm dostluq münasibətlərindən, İkinci Qarabağ müharibəsi zamanı Pakistan dövləti və xalqının ölkəmizə göstərdiyi dəstəkdən bəhs ediblər. İlk dəfə məhz bu gecədə geniş auditoriya qarşısında öz şeirlərini səsləndirdiyini söyləyən fəxri qonağın dərin məzmunlu poeziyası, Azərbaycan və Pakistanın milli musiqi və rəqslərindən ibarət konsert proqramı mədəniyyət axşamını xüsusi yaddaqalan edib.