ADU-da “Heydər Əliyev və Milli Mədəniyyət Strategiyası” adlı tələbə-şagird elmi konfransının açılışı olub
Mayın 2-də Azərbaycan Dillər Universitetində Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və Milli Mədəniyyət Strategiyası” adlı tələbə-şagird elmi konfransının açılış mərasimi keçirilib.
Öncə Dövlət Himni səsləndirilib.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova tədbir iştirakçılarını və qonaqları ADU-nun rektoru, akademik Kamal Abdullanın adından salamlayıb, konfransın əhəmiyyətdən danışıb. Qeyd olunub ki, hər il keçirilən tələbə-şagird konfransına maraq ildən-ilə artmaqdadır.
Bildirilib ki, konfransın ideya müəllifi olan ADU-nun rektoru, akademik Kamal Abdulla şagirdlərin universitet həyatına hazırlanmasına və elmi bacarıqlarının artırılmasına böyük önəm verir. Söylənilib ki, konfrans həm də Azərbaycan təhsilini daha da inkişaf etdirmək, gəncləri elmə istiqamətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin direktoru Aqşin Bağırov dəvətə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib, konfransla bağlı fikirlərini bölüşüb.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevə həsr olunan elmi konfrans şagirdlər üçün yeni elmi biliklərin və təcrübələrin öyrənilməsi üçün olduqca vacib bir tədbirdir. Vurğulanıb ki, gələcəkdə şagird və tələbələr tərəfindən elmi işlərin görülməsi, tədqiqat işlərinin aparılması baxımından konfransın xidmətləri böyükdür.
ADU-nun Təhsil-1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov tədbir iştirkaçılarına və qonaqlara elmi konfransın gündəliyi haqqında məlumat verib.
Bildirilib ki, elmi konfrans ADU rəhbərliyi tərəfindən diqqətlə izlənilir və hər bir şagirdə, tələbəyə elmi bacarıqlarını inkişaf etdirmək üçün şərait yaradılıb.
Daha sonra tələbələr tezislərlə çıxış ediblər. Konfrans işini bölmə iclasları ilə davam etdirib.