XƏBƏRLƏR

ADU-da “Ətraf mühitin mühafizəsi: qlobal çağırışlar və yaşıl dünya naminə həmrəylik” mövzusunda tədbir keçirilib

30 aprel, 2024

Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunmuş 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aprelin 30-da Azərbaycan Dillər Universiteti Xarici ölkələr ədəbiyyatı, Azərbaycan dilçiliyi, Xarici dillər və Xarici dillərin tədrisi metodikası kafedralarının təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi: qlobal çağırışlar və yaşıl dünya naminə həmrəylik” mövzusunda tədbir keçirilib.

Tədbirdə Universitetin professor-müəllim heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin rəhbər şəxsləri, ətraf mühit və ekologiya məsələləri üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatının təmsilçiləri, tələbələr iştirak ediblər.

Universitetin Filologiya fakültəsinin dekanı professor Həmidə Əliyeva, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Aynur Sabitova və Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva açılış nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərinə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması istiqamətində görülən ardıcıl işləri qeyd ediblər.

Vurğulanıb ki, dövlət başçısı tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi bu sahədə həyata keçirilən tədbirlərə mühüm töhfədir.

Sonra “Tullantıların idarə olunması: ətraf mühitə dost yanaşma” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova, habelə Nazirlik yanında İctimai Şuranın üzvü, “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək ictimai Birliyinin rəhbəri Tükəzban Ağababayeva çıxış edərək tullantıların düzgün idarə olunması, növlərinə uyğun təsnifatlaşdırılması, beynəlxalq təcrübə və ölkəmizdə bu sahədə görülmüş işlər barədə məlumatlar verib, ətraf mühitin mühafizəsində ictimaiyyətin iştirakının vacibliyinə toxunublar.

Tədbir müəllim və tələbələri maraqlandıran suallar ətrafında maraqlı müzakirələrlə davam edib.