XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev və hüquqi dövlət” adlı olimpiadanın qalibləri mükafatlandırılıb

30 aprel, 2024

Aprelin 29-da Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr “Heydər Əliyev və hüquqi dövlət” adlı hüquq olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mükafatlandırılma mərasimində ADU-nun rəhbərliyi, Konstitusiya Məhkəməsinin nümayəndələri, universitetin struktur rəhbərləri və tələbələr iştirak ediblər.

ADU-nu rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Azərbaycan gəncliyi öz hüquqlarını və vəzifələrini dərindən bilməli və Vətəninə, xalqına ləyaqətlə xidmət etməlidir:

“Bu gün Azərbaycan gəncliyi öz təhsilində, öz işində son dərəcə ləyaqətlə və məsuliyyətlə çalışmalı, şəhidlərimizin qanı, canı hesabına bütöv olan Azərbaycanı daha çox sevməli və onun inkişafına təkan olmalıdırlar. Hər birimiz öz bilik və bacarığımızla üzərimizə düşən öhdəlikləri yüksək peşəkarlıqla yerinə yetirməliyik”.

ADU-nun BM və Regionşünaslıq fakültəsi nəznində Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Aida Yusifzadə olimpiada ilə bağlı məlumat verib. Qeyd olunub ki, tələbələr bu olimpiadaya böyük maraq göstəriblər və nəticələr kifayət qədər uğurludur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri, III dərəcəli dövlət qulluğu müşaviri Dürdanə  Məmmədova Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin olimpiada iştirakçılarına müraciətini oxuyub.

Bildirilib ki, qurum tərəfindən gənclər arasında konstitusion dəyərlərin təbliği məqsədi ilə ənənəvi olaraq olimpiadalar təşkil edilir, maarifləndirmə işləri aparılır.

Daha sonra mükafatlandırma mərasimi baş tutub. Olimpiada qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Heydər Əliyev və hüquqi dövlət” adlı hüquq olimpiadasında üçüncü yerə Filologiya fakültəsi nəznində Beynəlxalq jurnalistika kafedrası, ikinci yerə Tərcümə fakültəsi, birinci yerə isə Təhsil-1 fakültəsi layiq görülüblər.