XƏBƏRLƏR

Konstitusiya Məhkəməsinin sədrinin olimpiada iştirakçılarına müraciəti

30 aprel, 2024

"Heydər Əliyev və Hüquqi dövlət" mövzusunda təşkil olunmuş hüquq olimpiadasının iştirakçılarını salamlayır, olimpiadanın yüksək səviyyədə keçirilməsi münasibəti ilə sizi təbrik edirəm.

Ulu Öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində ilk milli Konstitusiyamız qəbul edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli və 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" sərəncamları ilə əlaqədar hüquq olimpiadalarının keçirilməsi, ənənəvi olaraq ali və orta təhsil müəssisələrinin tələbələri və şagirdləri arasında məzmunlu və əhatəli şəkildə təşkil olunmuşdur.

Ölkəmizdə aparılan bütün islahatlar istər siyasi-iqtisadi, istər hüquqi islahatların həyata keçirilməsi Azərbaycan dövləti qarşısında duran mühüm vəzifələrdən biri olan qanunların aliliyini, insan və vətəndaş hüquqlarının və əsas azadlıqlarının təmin edilməsi məqsədini güdür.

Davamlı və dinamik inkişaf, demokratik nailiyyətlərin əldə olunmasına yönəlmiş məqsədyönlü fəaliyyət demokratik-hüquqi islahatların da davam edilməsini zərurətə çevirir.

Konstitusiya Məhkəməsi tərəfindən bu il "Heydər Əliyev və Hüquqi dövlət" mövzusunda hüquq olimpiadasının keçirilməsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuşdur.

"Heydər Əliyev və Hüquqi dövlət mövzusunda keçirilən hüquq olimpiadasının məqsədi gənclərin Konstitusiyada təsbit olunmuş əsas müddəaların, xüsusilə insan hüquq və azadlıqların təmin edilməsinə aid maddələrin daha da dərindən öyrənilməsi, konstitusiya nəzarətinin mahiyyəti, prinsipləri barədə məlumatlandırılması, ölkəmizin qanunvericilik aktları haqqında biliklərinin artırılması və onların dövlət quruculuğu prosesində daha da fəal iştirak etmələrindən ibarətdir.

Ümid edirəm ki, bugünkü tədbir gələcək görüşlərin daha da səmimi və qarşılıqlı anlaşma şəraitində keçirilməsi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir.

Hüquq olimpiadasının iştirakçılarına müvəffəqiyyətlər və uğurlar arzu edirəm.

 

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin Sədri

Fərhad Abdullayev