XƏBƏRLƏR

"Birlik olan yerdə dirlik olar" adlı ekoloji aksiya keçirilib

30 aprel, 2024

 "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində kafedrada müəyyən olunmuş illik tədbirlər planını “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrlə bölüşərkən onlardan gələn təklif planın istiqamətini dəyişdirdi. Tələbələr universitetin həyətyanı sahəsində yaşıllıq işlərini aparmağı təklif etdilər. Onların bu fikri çox ağlabatan və mükəmməl idi. Mən də bu təklifə biganə qala bilməzdim. 214 a qrupundakı növbəti dərsimi açıq havada keçirtməyi qərara aldıq.

Bilirik ki, Azərbaycan Dillər Universiteti QS 2023 və QS 2024 sahələr üzrə dünya universitetlərinin reytinq cədvəlində “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olub. Azərbaycan Dillər Universiteti ali təhsil müəssisələri içərisində bu siyahıya iki dəfə ardıcıl düşən yeganə təhsil müəssisəsidir. Bu uğurda kafedra müəllimlərin əməyi danılmazdır. Tələbələrimiz də doğma universitetin adının yaxşıların yaxşısı siyahısında olması üçün öz əməlləri ilə çalışırlar.  Etiraf edim ki, “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr birlik göstərməyi bacarırlar. Buna görə tələbələrimizlə qürur duyuruq. Almanlar az olsa da, çoxluğun içində öz səliqə və kreativ ideyaları ilə həmişə seçilirlər. Bu dəfə də almanlar növbəti ilkə imza atıblar.

ADU-nun Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri Xuraman Əsgərovanın şəxsi vəsaiti hesabına "Alman dili müəllimliyi" ixtisası üzrə təhsil alan 214a və 215r qrup tələbələrinin iştirakı ilə 2 saylı binanın həyətində "Birlik olan yerdə dirilik olar" adlı ekoloji aksiya keçirilib. Aksiyada tələbələr kafedranın baş müəllimi Gülbəniz Nəcəfovanın rəhbərliyi ilə ətraf mühitin çirklənməsinə dair maraqlı məlumatı alman və Azərbaycan dillərində təqdim ediblər. Təqdimatdan sonra tələbələr universitetin həyətyanı sahəsində güldən ADU Abreviaturasını hazırladılar. Düzəltdikləri kompozisiyadan zövq alan tələbələr ona qulluq etməyi öz öhdələrinə götürməklə, ətraf aləmin çirklənməsinin qarşısının alınmasında az da olsa əməkləri olduqlarını vurğulayıblar. Kafedra olaraq tələbələrin bu təşəbbüsünü alqışlayır, onlara növbəti ideyalarında uğurlar arzulayırıq.

Aksiyada rektorun məsləhətçisi Anar Osmanlı, fakültə dekanı Fikrət Cahangirov, dekanlığın bütün əməkdaşları iştirak ediblər.

 

 

fil.f.d., dosent Xuraman Səlim qızı Əsgərova

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri