XƏBƏRLƏR

“Naxçıvan dünən və bu gün” mövzusunda dəyirmi masa keçirilib

26 aprel, 2024

Aprelin 25-də ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi, Azərbaycan ədəbiyyatı kafedrası, “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Naxçıvan dünən və bu gün” adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, tarixən çətin sınaqlarla üzləşən Naxçıvan mürəkkəb və şərəfli yol qət edib. Muxtar respublikanın yaradılmasının Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etdiyini və onun xalqımızın həyatında əlamətdar hadisə olduğunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. 

Tədbirdə Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli “Azərbaycan tarixində Naxçıvanın yeri və rolu: dünən və bu gününə konseptual baxış”, “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi, dosent Ülviyyə Rəhimova “Naxçıvan ədəbi mühiti – Cəlil Məmmədquluzadə”,  Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Vəfa Fətullayeva “Naxçıvan ədəbi-mədəni mühiti: bu gün” mövzusunda məruzələrlə çıxış ediblər.

Bildirilib ki, 1921-ci il 16 mart tarixli Moskva, 13 oktyabr tarixli Qars müqavilələri ilə Naxçıvanın Azərbaycan tərkibində muxtar respublika statusu təsbit olunub. 1921-ci ilin yanvar ayında bu ərazidə ümumxalq səsverməsi keçirilib və əhalinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs verib. Uzun müzakirələrdən sonra 1924-cü il fevralın 9-da Naxçıvanda Muxtar Sovet Sosialist Respublikası yaradılıb. Naxçıvanın muxtariyyəti xalqımızın və dövlətimizin tarixi nailiyyətidir. Bu muxtariyyət Azərbaycan xalqının çoxəsrlik arzuları reallığa çevrilməsinə imkan verib.

Qeyd olunub ki, qədim yaşayış yurdu olan Naxçıvan ədəbiyyat sahəsində də ciddi uğurlar nümayiş etdirib, burada formalaşan zəngin ədəbi ənənələr böyük ədəbiyyat tarixinin yaradılmasına stimul verib. Azərbaycan ədəbiyyatının xüsusi tərkib hissəsi olan Naxçıvan ədəbi mühiti bütün dövrlərdə Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli bədii nümunələr bəxş edib. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar xalqımızın zəngin ədəbi irsini bu gün də layiqincə yaşadır.