Görkəmli rejissor Şamil Mahmudbəyovun 100 illik yubileyi keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura şöbəsi, Azərbaycanşünaslıq Mərkəzi və Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası tərəfindən “kinorejissor Şamil Mahmudbəyovun 100 illik yubileyi”nə həsr olunmuş tədbir keçirlib.
Tədbirin moderatoru Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva dünya kinosunun yaranması tarixindən, kinonun insanların düşüncə tərzinə müsbət təsirlərindən bəhs edib. Nitqinə Azərbaycan kinomatoqrafiya tarixi haqqında məlumat verməklə davam edən Sevdagül Əliyeva ilk filmlərin ərsəyə gəlməsi prosesini, o cümlədən, bu prosesdə yaxından iştirak edən əsas simalardan biri kimi Şamil Mahmudbəyovun rolunu xüsusi vurğulayıb.
Tədbirdə Regionşünaslıq kafedrasının müəllimləri – Səbinə Muradova Ş. Mahmudbəyovun həyat və yaradıcılığı, Günay Məmmədova kinorejissor haqqında görkəmli şəxslərin xatirələri, Şəfa Əbdürrəhimova kinorejissorun yaradıcılığının zirvəsini təşkil edən əsas– “Qaraca qız”, “Dərviş Parisi partladır”, “Şərikli çörək” filmləri haqqında geniş məlumat veriblər. Magistratura şöbəsinin Regionşünaslıq kafedrasında pedaqoji təcrübə keçən tələbəsi Hənifə Əhmədova Ş.Mahmudbəyovun quruluşcu rejissoru, ssenaristi olduğu filmləri və onun filmlərdə özünü aktyor kimi oynamasından, epizodik olsa da, yaddaqalan rollarından bəhs edib.
Tədbirdə kinorejissorun çəkdiyi filmlərdən və onun haqqında çəkilmiş sənədli filmlərdən fraqmentlər təqdim olunub.
Sonda “Şərikli çörək” filmində uşaqların qara çörəyi böldükləri zaman səsləndirilmiş Vasif Adıgözəlovun bəstələdiyi Oktay Ağayevin ifasında “Sən ey uşaqlıq” mahnısının sədaları altında Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva zalda əyləşən müəllim və tələbələrə xalqımızın çörəyə şərik olma adəti və filmdəki parçanı canlı olaraq yaşatmaq üçün qara çörəyi bölərək tədbirin iştirakçılarına təqdim edib.