XƏBƏRLƏR

ADU-75: MİLLİ DƏYƏRLƏRDƏN KEÇƏN YOL

19 aprel, 2024

İndi Azərbaycan Dillər Universiteti kimi tanınan məşhur təhsil müəssisəsi  müxtəlif dövrlərdə  fərqli şəkildə adlandırılıb. Amma “xarici dillər”, nəhayət, “dillər” əlaməti həmişə üstündə olub.  Başqalarında deyə bilmərəm, məndə istər əvvəllər, istərsə də burada işlədiyim ilk dövrlərdə bu ali təhsil müəssisəsi ilə bağlı  yaranan birinci təəssürat belə olub: Universitetdə tələbə gənclərlə aparılan işlərin əsas məqsədi onlarda dilini öyrəndikləri xalqın dəyərlərini, adət-ənənələrini, tarixini tanıtmaq, əlbəttə, dilini öyrətmək! Lakin universitetlə yaxından tanışlıq, xüsusən, son dövrlərdəki fəaliyyətinin öyrənilməsi, burada milli dəyərlərimizə göstərilən qürurdoğurucu münasibət, onların bəşəri dəyərlərlə vəhdətdə mənimsənilməsi,  dərk edilməsi üçün görülən genişmiqyaslı tədbirlər problemin daha düzgün, daha səmərəli həll edildiyinə əminlik yaratdı.

Milli mənafeyə xidmət edən universitetdaxili bu siyasətin haradan qaynaqlanıb güc aldığı mənim üçün həmişə maraqlı olub. Gəldiyim qənaət məsələyə belə yanaşmanın təsadüfi olmadığını birmənalı şəkildə sübut etdi: Universitetin tarixi ilə az-çox tanış olanlar yaxşı bilirlər ki,  təhsil müəssiəsinin mövcudluğu, müstəqil ali məktəb kimi fəaliyyət göstərməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin milli dəyərlərimizə, mədəni irsimizə, sivilizasiyamızın formalaşmasında müstəsna təsiri olmuş tarixi keçmişimizə münasibəti, onların qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması üçün həyata keçirdiyi nəhəng fəaliyyət unudulmazdır. Bir daha yəqin etdim ki, Azərbaycanın dövlət siyasətində milli dəyərlərimizin əbədi yeri Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu dəyərlərə göstərdikləri qayğı ADU-da hərtərəfli şəkildə nəzərə alınır. İstər təlim prosesində, istərsə də təlimdənkənar vaxtlarda həyata keçirilən tədbirlərdə milli dəyərlərimizin öyrədilməsi, qorunması və fəaliyyətdə nəzərə alınması prioritet  vəzifə olaraq qalır.

Maraqlı və maraqlı olduğu qədər də faydalı cəhətlərdən biri budur ki, ADU-da gəncləri təkcə milli dəyərlərimizlə tanış etmir, həm də gələcək fəaliyyətlərində bu dəyərlərdən istifadə, onların tətbiqi məsələləri öyrədilir. Bu, ixtisaslardan asılı olaraq fərqli istiqamətlərdə həyata keçirilir. Məsələn, pedaqoji ixtisas üzrə təhsil alan tələbələr mill dəyərlərimizlə bağlı tədbirlərin keçirilməsi yollarını öyrənirlər. Müəllim olacaq gənclərin bu sahədə öyrəndiklərini tətbiq etdikləri ilk yer pedaqoji təcrübədə olduqları məktəbdir. Dördüncü kursun son semestrini tələbələr məktəbdə keçirir, universitetdə aldıqları nəzəri bilikləri pedaqoji prosesdə tətbiq edirlər. Yeri gəlmişkən, qeyd edək ki, dərsdənkənar tədbirlərin təşkilinin, şagirdlərlə müxtəlif tərbiyəvi işlərin reallaşdırılması üzrə biliklərin verilməsinin əsas ağırlığı Pedaqogika kafedrasının üzərinə düşür. Təlim məşğələlərində  kafedranın əməkdaşları mövcud tədris proqramı və dərslik əsas götürülməklə tərbiyə nəzəriyyəsinin müxtəlif xüsusiyyətləri üzrə iş aparır, tələbələri gələcək pedaqoji fəaliyyətə yüksək səviyyədə hazırlayırlaar.

Pedaqoji təcrübə prosesində  tələbələr təkcə ixtisasları üzrə dərs demir, paralel şəkildə dərsdənkənar tədbirlər təşkil edir, məktəbin idarə olunması məsələlərini, pedaqoji şuranın işini, müəllim təcrübəsini öyrənir, valideynlərlə əlaqə saxlayır, şagirdlərlə əlavə məşğul olurlar. Yeri gəlmişkən, qeyd edək ki, məktəbdə də ikinci istiqamət üzrə fəaliyyətin əsas təşkilatçıları, psixoloq və metodistlərlə əlaqəli şəkildə pedaqogika kafedrasının əməkdaşları olurlar. Onlar milli dəyərlərimizlə bağlı tədbirlərin keçirilməsi üçün tələbələrə məsləhət verir, tədbirin maraqlı, canlı olmasında köməklərini əsirgəmirlər. Görüləcək və görülmüş işlər Pedaqogika kafedrasında sistemli şəkildə müzakirə olunur, tədbir barədə mətbuatda yığcam məlumatlar verilir.

Bu sətirlərin müəllifinin araşdırmalarından aydın oldu ki, pedaqoji təcrübə təşkil  edilən məktəblərdə istisnasız şəkildə tələbələrin hamısı əhatə olunmaqla milli dəyərlərimiz, adət-ənənələrimiz, mədəniyyətimiz, tarixi irsimizlə bağlı tədbirlər təşkil  edilir.  Universitetin təşkil etdiyi Ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbirlərin məzmun zənginliyi, forma  müxtəlifliyi baxımından uzun illər gənclərimizin yaddaşında qalacağı şübhəsizdir. Tədbirlərdə ulu öndərin çoxtərəfli zəngin irsi diqqətə çatdırılmaqla yanaşı, onun milli dəyərlərimizə qayğısı, bu sahədə həyata keçirdiyi  nəhəng işlər də işıqlandırılır. Magistratura şöbəsinin birinci kurs tələbəsinin “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda çıxışı, məzmunla bağlı nümayiş etdirilən video-çarx iştirakçılar, gənclər tərəfindən alqışlarla qarşılandı. Bu çıxışın başlıca məqsədi H.Əliyevin ailə nümunəsinin milli dəyərlərimizlə səsləşməsi, üst-üstə düşməsi olduğundan, həm də tərbiyəvi təsirə malikdi. Tələbələr bir daha  yəqin edirlər ki, ulu öndərin həyatı, yaradıcılığı, bir sözlə, zəngin fəaliyyəti Azərbaycan xalqının milli dəyərləri sistemində özünəməxsus yer tutur və onların öyrənilməsi, gələcək fəaliyyətlərində nəzərə alınması hər birinin müqəddəs borcudur. Tədbirdə professor Novruz Məmmədovun H.Əliyevlə bağlı xatirələri, onun böyük siyasətçi, millətini sevən vətəndaş, idarəetmə ustası olması ilə bərabər  həm də sadə bir insan olması ilə bağlı söylədiyi fikirlər tədbirin dəyərini, gənclərin bir şəxsiyyət kimi formalaşmalarına təsirini daha da artırdı, iştirakçılarda kövrək hisslər oyatdı.

Tədbirlərin sistemliliyi, tələbələrin təşəbbüskarlığına, fəallığına, təşkilatçılığına üstünlük verilməsi bu tədbirlərin yaddaqalan olmasını, mənəvi aləmlərinə daha güclü təsir göstərməsini təmin edir. Tələbələrlə keçirilən sorğular tədbirlərin onların formalaşmasında, müəllim kimi yetişməsində böyük rolu olduğunu sübut edir. Təbii, bütün bunlar universitetin daxili siyasəti nəzərə alınmaqla həyata keçirilir. Tədbirlərdə universitetin müxtəlif idarəetmə strukturlarının nümayəndələrinin iştidak etmələri, aparılan tələbəyönümlü siyasət konkret fəaliyyətə marağı artırır, məsuliyyət hissini möhkəmləndirir. Tələbəyönümlük, universitetdə təhsil alan gənclərin karyerası problemi təhsil müəssisəsinin daxili siyasətinin tərkib hissəsidir.

Qarabağ müharibəsi iştirakçılarına universitetdə göstərilən həssas münasibət  məsələnin aktuallığını gənclərə bir daha xatırladır, onların həyatda, təhsildə düzgün mövqe tutmalarına kömək edir. Bu yaxınlarda universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullayevin təşəbbüsü ilə ADU-nun qızlar yataqxanasında Zəfər Gününə həsr olunmuş bədii yaradıcılıq müsabiqəsi təşkil olunub. Tələbə yazarların Zəfər gününə həsr etdikləri şeirlər, hekayələr öz ifalarında dinlənilib. Müzakirələrdən sonra qaliblər müəyyənləşdirilib. Onlar rektorun fəxri fərmanı və pul mükafatı ilə rəğbətləndirilib. Dinlənilən yazıların məzmunu bir daha göstərdi ki, universitetdə aparılan sistemli işlər gənclərimizin qəlbində şəhidlərimizə, qazilərimizə, zabitlərimizə, ümumilikdə müharibə iştirakçılarına dərin hörmətin, qayğıkeşlik hissinin yaranmasında, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğalçı düşmən üzərində qələbə qazanmağımızın təməlinə çevirilmiş siyasətinin qavranılmasında danılmaz təsiri olmuşdur. Bütün bunlar ADU-da gənclərimizin həyatda düzgün mövqe tutmalarına, vətənpərvər insanlar kimi formalaşmalarına necə diqqət yetirildiyini bir daha sübut edir.

Oqtay Abbasov, Pedaqogika kafedrasının dosenti