XƏBƏRLƏR

İzmir İqtisadiyyat Universitetinin əməkdaşı ADU-nun qonağı olub

16 aprel, 2024

Aprelin 16-da İzmir İqtisadiyyat Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Hulya İncekara Azərbaycan Dillər Universitetinin qonağı olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, ADU dünyanın bir çox xarici universitetləri ilə əlaqələrini uğurla inkişaf etdirir. Vurğulanıb ki, bugünkü görüşü İzmir İqtisadiyyat Universiteti ilə elmi əməkdaşlığın qurulması üçün yeni perspektivlərin ilk müjdəçisi hesab etmək olar.

Görüşdə qonağa ADU-da fəaliyyət göstərən beynəlxalq dil mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Həmçinin ADU-nun bu yaxınlarda yenidən beynəlxalq QS reytinq cədvəlində “Dünya dilləri” təsnifatı üzrə 301-340-cı yer tutmasının səbəbləri və bu uğurun qarşılıqlı şəkildə inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, müəllim və tələbələrin təcrübə proqramlarına qoşulması, xarici dillərin yeni metodlarla tədrisinin qarşılıqlı şəkildə öyrənilməsi önəmli məsələdir.

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən qonaq ADU-nun uğurlarının yeni müstəvidə öyrənilməsinin vacibliyi haqqında danışıb.

Qeyd olunub ki, iki universitet arasında müəllim və tələbə mübadiləsinin aparılması imkanları mövcuddur.

Sonda gələcək elmi layihələrin birgə həyata keçirilməsi, təcrübə proqramlarının qarşılıqlı şəkildə tətbiq olunmasının mümkünlüyü ətrafında müzakirələr aparılıb.