XƏBƏRLƏR

Təhsilin inkişafı naminə: Azərbaycan Dillər Universitetindən möhtəşəm layihə

08 aprel, 2024

ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilən bu mütərəqqi layihənin, ilk dəfə olaraq, məhz Biləsuvarda, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində keçirilməsi qürurverici hadisədir

 

Hər il Azərbaycan Dillər Universitetindən (ADU) məzun olan yüzlərlə tələbə bu ali təhsil ocağının təqdirəlayiq təcrübəsini qazanaraq həyatın yeni mərhələsinə, işgüzar dünyaya qədəm qoyur. Lakin zaman ötdükcə illər öncə qazanılan bilik və bacarıqlar müasir təhsil sisteminin dinamik tələbləri ilə uyğun gəlmir. Bir çox təhsil işçilərinin elmi, texniki bilik və bacarıqlarının sürətli  dəyişikliklərə cavab verə bilməməsi onların təhsil sistemində peşəkar uğurlarına da kölgə salır. Bu kimi hallar ümumilikdə təhsil sisteminin inkişafına ciddi maneə törədir.

Keçmiş məzunların müasir təhsil sisteminin yeniliklərinə, çağdaş tələblərə uyğunlaşması üçün ali təhsil ocağı ilə sıx əlaqələr vacib şərtlərindən biridir. Universitet məzunlarının qarşılaşdıqları çətinlikləri yerində öyrənmək, bu problemlərin həllinə yaxından köməklik göstərmək, öz növbəsində, məzunların öz işlərində müvəffəqiyyət qazanmalarına və onların gələcək peşəkar fəaliyyətlərində uğurlu olmalarına əhəmiyyətli dərəcədə kömək edə bilər...

Ölkəmizin təhsil sisteminə daim orijinal layihələrlə yeni töhfələr verən Azərbaycan Dillər Universiteti sadalanan bu çatışmazlığı həll etmək, universitet məzunlarının qarşılaşdığı çətinlik və ehtiyacların həllinə köməklik göstərmək istiqamətində də ilkə imza atıb. Aprel ayının 6-da universitetin professor-müəllim heyətinin bir qrup nümayəndəsinin Biləsuvar rayonuna ezam olunması bu məqsədə xidmət edirdi.

ADU-da təhsilini başa vurmuş məzunların qarşılaşdıqları çətinlikləri öyrənmək, bu problemlərin həll edilməsi üçün universitet əməkdaşlarının cənub bölgəsinə səfərinin ilk məkanı Biləsuvar rayon mərkəzindəki Heydər Əliyev parkı oldu. Parkda Ulu Öndərin heykəli ziyarət olundu, abidənin önünə gül dəstələri qoyuldu. Ümummilli Lider Heydər Əliyevin nurlu xatirəsi dərin ehtiramla yad edildi.

ADU əməkdaşlarının Biləsuvar Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan ilk görüşündə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qonaqları salamlayaraq onları burada görməkdən məmnun olduğunu bildirdi.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov səfərin məqsədindən danışaraq qeyd etdi ki, ADU təhsilin müxtəlif aspektlərində liderliyini davam etdirmək üçün yenilikçi proqramlar və metodologiyalar tətbiq etməkdə davamlı məşğul olur. Universitet tələbələrlə yanaşı, məzunlarını da müasir dövrün tələbələrinə uyğunlaşdırmaq və onların müvəffəqiyyətini təmin etmək üçün daima yeni yollar arayır. Bu isə, öz növbəsində, universitetin təhsil sahəsində liderliyini möhkəmləndirməyə və innovativ təcrübələri təqdim etməyə kömək edir.

Biləsuvarda təhsilin inkişafına xüsusi diqqət yetirildiyi vurğulayan Biləsuvar Rayon Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirdi ki, rayonda fransız dilinin tədrisi digər bölgələrə nisbətən daha çoxdur. Fransız dili müəllimlərinin sayca çoxluğuna ADU ilə rayonun təhsil sistemi arasında sıx əlaqələrin, işgüzar əməkdaşlığın müsbət təsiri olmuşdur.

İcra Hakimiyyətindəki görüşdən sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev adına parkda ADU əməkdaşlanın iştirakı ilə ağacəkmə aksiyası keçirildi. Aksiya zamanı Heydər Əliyev parkında universitet əməkdaşları tərəfindən şam ağacları əkilərək suvarıldı. Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarət idi.

Daha sonra Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində Azərbaycan Dillər Universitetinin məzunlarının profesionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi 1-ci regional konfransının açılış mərasimi baş tutdu. Tədbirdə Lənkəran-Astara və Şirvan-Salyan Regional Təhsil İdarələrinin nəzdində fəaliyyət göstərən Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı və Astara rayon məktəblərinin 150-dək ingilis və fransız dili müəllimləri iştirak edirdilər.

Konfransı giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tədbirin əhəmiyyətindən danışaraq bildirdi ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilən bu mütərəqqi layihənin, ilk dəfə olaraq, məhz Biləsuvarda, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində keçirilməsi qürurverici hadisədir. Belə konfransların fəaliyyətinin davamlı olacağına və əhatə dairəsi getdikcə genişlənəcəyinə ümidvar olduğunu bildirən F.Qürbətov dedi: “Hər bir sahənin başında təhsil durur. Müasir dövrdə isə xarici dillərin öyrənilməsi daha böyük əhəmiyyət kəsb edir. Qlobal və qarşılıqlı əlaqələrə əsaslanan müasir dövrdə dilləri öyrənmək insanların beynəlxalq layihələrdə yaxından iştirak etmələrinə və fərqli mədəniyyətlərə daxil olmalarına əsas verən mühüm tələbdir”. 

Konfrans iştirakçılarına Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın salamlarını çatdıran ADU-nun Tədris məsələləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət Hacıyeva çıxışına universitetin son illər əldə etdiyi uğurlardan başladı. Bildirildi ki, 2023-cü ildə ADU beynəlxalq reytinqlər cədvəlində (QS World University Rankings by Subject 2023) 161 ölkədən 1495 ali təhsil müəsisisəsi arasında “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olub: “Universitetdə həyata keçirilən yüksək keyfiyyətli tədris, tələbələrin əldə etdikləri bilik və bacarıqlar, məzunlarımızın əmək bazarında tutduğu yerlər ADU trendinin təbliğ olunmasına xidmət edir. Hazırda ADU-da 22-dən çox xarici ölkələrin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Eyni zamanda, 6 xarici ölkədə Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb ki, bu fəaliyyət Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün birbaşa vasitədir”.

Konfransın əsas məqsədindən danışan prorektor qeyd edib ki, bir zamanlar məzunlarımız universitetdən ayrıldıqdan sonra bugünkü tədris sistemində çoxlu fərqlər yaranıb: “O dövrdə öyrənilən nəzəri biliklər və onların praktikada tətbiqi ilə bugünkü təhsil sistemində fərqlər mövcuddur. ADU rəhbərliyinin bu konfransın keçirilməsində əsas məqsədi bizim məzunlarımızın öz karyeralarını həyata keçirərkən hansı problemlərlə üzləşdiklərini öyrənməkdən ibarətdir. Həmçinin bu problemlərin həlli istiqamətində real addımların atılması da əsas məqsədlərimizdəndir. Gələcəkdə məzunlarımız üçün öz fəaliyyətlərində faydalı olacaq treninqlər təşkil edilməsi planlaşdırılır”.  

Açılış mərasimində iştirak edən Lənkəran-Astara Regional Təhsil İdarəsi Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov, Şirvan-Salyan Regional Təhsil İdarəsi Tədrisin keyfiyyəti sektorunun müdiri Vüqar Dadaşov, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov çıxış edərək bildirdilər ki, ADU rəhbərliyinin məzunlarla birlikdə işləmək təşəbbüsü, onların yetərli hazırlığını təmin etmək, məzunları müasir iş təcrübəsi ilə tanış etmək təqdirəlayiq fəaliyyətdir. Bu mütərəqqi yolla məzunlar işgüzar dünyaya daha hazır və dəyişkən bir perspektivdə yanaşa bilərlər. Bu yeniliklər universitet məzunlarının öz sahələrində müvəffəqiyyət qazanmalarına və onların gələcək peşəkar həyatlarında uğurlu olmalarına əhəmiyyətli dərəcədə kömək edə bilər.

Konfransın açılış mərasimindən sonra məzunlarla metodiki seminarlar öz işinə başladı. İngilis və fransız dilləri üzrə pedaqoji və psixoloji aspektlərdə fəaliyyət göstərən panellərdə qaldırılan məsələlər ətraflı şəkildə müzakirə olundu. Eyni zamanda, Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində pedaqoji təcrübə keçən ADU-nun 4-cü kurs tələbələri ilə görüş keçirildi. 

Tələbələr pedaqoji təcrübə fəaliyyətləri ilə əlaqədar videoçarx nümayiş etdirdilər, burada onlara göstərilən qayğıdan razılıq edərək, xoş təəssüratlarını bölüşdülər. Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində təcrübə keçdiyi müddətdə uğurlu fəaliyyətinə görə Aydan Mustafazadə, Nihad Əşrəfov, Aysel Məmmədova, İranə Məlikzadə, Vüsalə Adıyeva xüsusi diplomla təltif olundular.

Həmçinin lisey rəhbərliyinin etimadını qazanan ADU-nun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təcrübə keçən tələbəsi Nihad Əşrəfova təhsilini bitirdikdən sonra liseydə psixoloq işləməsi təklifinin edilməsi məlum oldu. Bu təklif ADU-da aparılan kadr hazırlığının əmək bazarının tələblərinə uyğun gəldiyini ifadə edirdi.

Konfrans ingilis və fransız dili müəllimlərin çıxışı, əsas problemlərin ümumiləşdirilməsi və həlli yolları üçün müxtəlif təkliflərin verilməsi ilə yekunlaşdı. Seminarlarda səsləndirilən əsas təkliflərdən biri də növbəti səfərlərdə həm ADU-da, həm də regional yerli məktəblərdə xarici dil müəllimlərinə danışıq, dinləmə, yazı və oxu vərdişlərinin inkişafı üçün ADU müəllimləri tərəfindən təlimlərin təşkil edilməsi oldu.

Məzunlarla metodiki seminarlar yekunlaşdıqdan sonra konfrans iştirakçıları öz təəssüratlarını bizimlə bölüşdülər. ADU-nun bu təşəbbüsünü çox yüksək qiymətləndirən keçmiş məzunlar bu mütərəqqi layihənin davamlı olmasını dilə gətirdilər. Həmçinin belə görüşlərin hər bir rayon üzrə ayrılıqda keçirilməsi də təklif edildi.

Məzunlarla hər üç paneldə iştirak edən ADU-nun Psixologiya kafedrasının müdiri Ceyhun Alıyev qeyd etdi ki, müzakirələr əsasında məzunların daha çox qaldırdığı problem, əsasən, xarici dil üzrə yazılmış dərsliklərin çətin olması ilə əlaqədar oldu: “Məsələ ilə bağlı çıxışımda qeyd etdim ki, dərsliklər pedaqoji psixologiyada olan dərslik konsepsiyasının əsas prinsiplərindən olan yaxın inkişaf zonası prinsipi əsasında tərtib olunur. Bu prinsip o cəhəti özündə ehtiva edir ki, dərslik şagirdin inkişafını təmin etməlidir. Bu mənada, dərsliyin qismən çətin olması, əslində, təlimin inkişafetdirici məqsədinə uyğundur. Həmçinin, qaldırılan məsələnin yeni yazılacaq dərsliklərdə nəzərə alınması diqqətə çatdırıldı”.

Müsahibimiz bildirdi ki, Lənkəran-Astara  və Salyan-Şirvan regional təhsil idarələrinin nümayəndələri ilə aparılan söhbət zamanı həmin region məktəblərində məktəb psixoloqu vəzifəsi üzrə çoxlu sayda kadra ehtiyacın olduğu bildirilib: “Əlavə olaraq onu da öyrəndik ki, hər iki regionda hazırda çalışan məktəb psixoloqlarının peşəkarlıq və peşə vərdişlərinin təkmilləşdirilməsi üçün istər regional, istərsə də hər rayon üzrə təkmilləşdirmə kurslarının açılmasına ciddi ehtiyac var”.

Dil bacarıqları üzrə metodiki seminarın aparıcısı, ADU-nun Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülfət İbrahim qeyd etdi ki, Fransa Respublikasının müasir zamanda ölkəmizə qarşı apardığı ermənipərəst siyasət bölgələrdə fransız dilinin tədrisi prosesinə də təsirsiz ötüşməyib. Belə ki, şagirdlər mövcud vəziyyətlə əlaqədar olaraq fransız dilinə o qədər də böyük maraq göstərmirlər. Həmçinin məktəblərdə fransız dili dərslilklərinin çatışmazlığı, mövcud fransız dili dərsliklərinin mürəkkəb tərtib olunması və dərsliklərin arxasında ikidilli lüğətin mövcud olmaması şagirdlərin sərbəst işləməsinə çətinlik yaradır.

Konfrans çərçivəsində ADU-nun Keyfiyyətin təminatı və monitorinq şöbəsi tərəfindən müəllimlərin əsas ehtiyaclarının müəyyənləşdirmək üçün konfransda iştirak edən 150 nəfərə yaxın müəllimə sorğu blankları paylanıldı. Bildirildi ki, sorğunun nəticələrinin təhlili gələcəkdəki inkişaf perspektivlərini müəyyənləşdirməyə yardımcı olacaq.

ADU-nun Tədris məsələləri üzrə prorektoru Kifayət Hacıyeva isə konfransın nəticələrinə yekun vuraraq bunları dedi: “Universitet rəhbərliyinin və əməkdaşlarının cənub bölgəsinə ezamiyyəti xarici dil müəllimlərinin təlim və tərbiyə prosesində dəyişiklik yaratmaq üçün yeni imkanlara yol açdı. Konfransda məzunların səsini eşitdik, onların qarşılaşdıqları problemləri öyrəndik və bu problemlərin effektiv həll yollarını tapmaq qarşıya əsas məqsəd kimi qoyuldu. Bu layihə məzunlarımıza daha effektiv dəstək strategiyaları hazırlağaqda bizə kömək edəcək”.

P.S.

...Beləliklə, xarici dil müəllimlərinin problemlərini öyrənmək üçün Azərbaycan Dillər Universitetinin əməkdaşlarının cənub bölgəsinə ilk səfəri uğurla tamamlandı. Məzunların təcrübələri, ehtiyacları ilə daha yaxından tanış olmağa və onlara öz fəaliyyətlərində daha effektiv dəstək göstərməyə imkan verən bu layihənin ADU tərəfindən mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.

Sadiq Zaman,

filologiya üzrə fəlsəfə doktoru

Bakı-Biləsuvar-Bakı