XƏBƏRLƏR

Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirilib

03 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Jalə Mehraliyeva, Təhsil- 2 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı -2 kafedrasının baş müəllimi Təranə Zeynalova, ingilis dili üzrə metod birləşmənin sədri  Şükufə Salamovanın təşkilatçılığı ilə 53 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan Təhsil 1, 2 fakültələrinin tələbələri birgə Aprel döyüşlərinə həsr edilmiş tədbir keçiriblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra isə Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Fatimə Zalova Aprel döyüşləri haqqında geniş məruzə ilə çıxış edib. Fatimə Zalova çıxışı zamanı Aprel döyüşlərinin Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndiyini, sürətli əks-hücum əməliyyatı ilə düşmənin ağır məğlubiyyətə uğradılması və nəticə olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Madagiz kəndi istiqamətindəki  mövqelərin düşməndən azad olunduğunu bildirib.

Şagirdlər müxtəlif şeirlər səsləndirib, musiqilər ifa edib, səhnəciklər nümayiş etdiriblər. Sonra isə videoçarx nümayiş olunub.

Sonda məktəbin direktoru Tünzalə Zeynalova Aprel döyüşlərinin böyük zəfərin başlanğıcı olduğunu qeyd edib, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən danışıb və tədbirin təşkilinə görə təcrübəçi tələbələrə təşəkkürünü bildirib.