XƏBƏRLƏR

ADU - 75 Qocaman, xatirələrlə dolu universitetim

03 aprel, 2024

Universitet sözünün istər ensiklopediyalarda, istərsə də ictimai fikirdə çox ağır çəkisi, elm və tədris sahəsində xüsusi fundamental məzmun daşıyan mənası var. Universitet hər bir ölkənin, xalqın elm, təhsil, mədəniyyət, dünyagörüşü, bəlkə də milli varlıq pasportudur. Fikrimcə, hər bir insan bu ali pasportu almaq arzusundadır...

Mən abituriyent olanda ən böyük arzum Azərbaycan Dillər Universitetinə qəbul olmaq idi. Çox xoşbəxtəm ki, Tanrı bu arzumu gerçəkləşdirdi və 2019-cu ildə doğma universitetimdə jurnalistika ixtisası üzrə təhsil almağa başladım. Universitet rəhbərliyinin və əməkdaşların tələbələrə qarşı böyük hörmətini gördükdə bu ali təhsil ocağını seçməyimə daha da sevindim. Dillərin qardaşlığı və dostluğunu özündə birləşdirən Azərbaycan Dillər Universiteti həm azərbaycanlı, həm də xarici tələbələrin güvənc yeridir. “Biz mehriban ailəyik”, -deyərək tələbələrə isti qucaq açan təhsil ocağını, axı, necə sevməmək olar? Elə buna görə də mən gözəl xatirələrlə dolu universitetimi həddindən ziyadə çox sevirəm.

Bəli, 75 yaşlı qocaman, xatirələrlə dolu universitet! “Öyrədərək öyrənirəm” şüarı ilə gündən-günə inkişaf edən doğma universitetim bu gün dünya universitetləri reytinqi cədvəlində öz yerini tutmaqdadır.

  Bu gün ADU-nun rəhbərliyi Vətən müharibəsində həlak olan bütün şəhidlərimizin qəhrəmanlığını tədris auditoriyalarına daşımağı, tələbələrə ilk növbədə onların igidliyi barədə söhbətlər aparmağı rəsmi bir tapşırıq kimi tövsiyə edir.

Böyük  tarixə və zəngin ənənələrə malik Azərbaycan Dillər Universiteti öz tələbələri və məzunları ilə fəxr edir. 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad edib xalqımıza Zəfər sevinci yaşadanlar, müqəddəs şəhidlik zirvəsinə ucalanlar, savaş meydanında can qoymuş və qan axıtmış qazilər sırasında universitetimizin gəncləri də az olmamışdır.

ADU-da uğurun əldə edilməsi məqsədilə müəllim və gənclər tərəfindən irəli sürülən ideya və təkliflər dəstəklənir və ideyaların icrası üçün şərait yaradılır. Tələbələri təhsilə, elmə həvəsləndirən tədbirlər həyata keçirilir. Onlar üçün nüfuzlu şirkətlərdə təcrübə keçmək imkanı yaradılır. Savadı, bacarığı ilə seçilən məzunların həmin müəssisələrdə işlə təmin olunması üçün təşəbbüs göstərilir. Bir çox gəncin, tələbənin arzusu olan xaricdə təhsil imkanı yaradan “Erasmus+” proqramı çərçivəsində Almaniya, İspaniya, Polşa, Slovakiya kimi bir sıra ölkələrdəki ali təhsil müəssisələri ilə əməkdaşlıq həyata keçirilir, tələbə mübadiləsi aparılır. Bakalavr, magistr və doktorantlar bu imkandan lazımınca yararlana bilirlər.

ADU əməkdaşı və tələbəsi olub, onun patriotu olmamaq mümkün deyil. Universitetimizin elmi və mədəniyyət tarixində mühüm yeri olan böyük alim və müəllimlərinin yolunu davam etdirmək ADU-ya məhəbbətin ən düzgün yoludur. Klassik yazıçılarımız, tanınmış filoloqlarımız, diplomatlarımız... bizim hər birimiz üçün təməl daşlarıdır. Bu gün həmin təməl daşları üstündə elmimizin, təhsilimizin, mədəniyyətimizin, milli dəyərlərimizin zənginləşdirilməsi, gənc nəslə Vətən sevgisinin aşılanması yolunda fəaliyyət göstərən ADU kollektivi var. Bu kollektivin hər bir üzvünün Azərbaycanımıza, Zəfər yolumuza, azad olunmuş torpaqlarımızın dirçəlməsinə cani-dildən xidmət göstərən savadlı, səviyyəli milli kadrlar yetişdirmək istəyi var. Yüz ilin başlanğıcından gələn bu istək indiki günlərimizdə daha böyük reallıqlar yaşamaqdadır. Məbədə aparan müqəddəs yolların biri də Azərbaycan Dillər Universitetinə istiqamətlənir. Bu müqəddəs yolun yolçularına Tanrı duaları ilə!

Elşən Hüseynli,

ADU-nun məzunu, Strateji məsələlər üzrə mütəxəssisi