XƏBƏRLƏR

31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Qanlı tarixin izi ilə” adlı tədbir keçirilib

02 aprel, 2024

Azərbaycan Dillər Universitetində (ADU) BMR fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Qanlı tarixin izi ilə” adlı tədbir keçirilib.

Tədbirdə kafedra müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı, professor İbrahim Kazımbəyli tədbirin əhəmiyyətini vurğulayaraq, 31 Mart Azərbaycanlıların Soyqırımı tarixi barədə danışıb.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “İstiqlalın qanlı yolu” mövzusunda çıxış edərək Azərbaycan dövlətçiliyi uğrunda milli ziyalıların mübarizəsini və bu yolda yaranan maneələr, törədilən qətliamlar, mart soyqırımının səbəbləri haqqında məruzə edib.

Regionşünaslıq kafedrasının müəllimi Sevinc Qurbanova “Tariximizin unudulmayan qanlı səhifəsi”  mövzusunda çıxış edib. O, Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin dünyaya çatdırılması və unudulmaması üçün Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət haqqında ətraflı çıxış edib.

Beynəlxalq münasibətlər kafedrasının müəllimi Səbinə Məmmədova isə “Soyqırım cinayətinə beynəlxalq siyasi hüquqi baxış” adlı məruzəsində soyqırım anlayışının beynəlxalq hüququn əsas anlayışlarından birinə çevrilməsi, soyqırımın siyasi-hüquqi müstəvidə tanınması ilə bağlı görülməli tədbirlər haqqında məlumat verib.