XƏBƏRLƏR

ADU-da "Tarixə retrospektiv baxış: İtkilərdən erməni faşizminə son qoyulmasına aparan yolun xronikası" adlı konfrans keçirilib

02 aprel, 2024

Azərbaycan Dillər Universitetində (ADU) “Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi və ADU-nun birgə təşkilatçılığı ilə "Tarixə retrospektiv baxış: İtkilərdən erməni faşizminə son qoyulmasına aparan yolun xronikası" adlı konfrans keçirilib.

 Konfransda universitetin müəllim heyəti və tələbələr, eyni zamanda Azərbaycan Həqiqətləri Uğrunda QHT Koalisiyasının üzvləri iştirak ediblər.

Giriş sözü ilə açan təşkilatın sədri İradə Rizazadə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün tarixindən, ermənilərin Azərbaycanlılara qarşı soyqırımı siyasətindən danışıb. Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı, AMEA Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa və filologiya elmlər doktoru, professor İbrahim Bayramov ermənilərin Qafqazda xalqımıza qarşı törətdikləri soyqırımlar, erməni vəhşiliyi nəticəsində öldürülmüş yüz minlərlə insanın, eyni zamanda Qərbi Azərbaycan ərazisindən qovulan soydaşlarımızın acı taleyi haqqında xronoloji ardıcıllıqla çıxış ediblər.

Tədbirin sonunda "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi tərəfindən nəşr edilən "İRƏVAN" fotoalbomu tədbir iştirakçılarına təqdim edilib, bir nüsxəsi də universitetə hədiyyə olunub.