ADU ilə ortaq layihələrdə iştirak etmək istəyən universitetlərin sayı artmaqdadır - Anar Rəhimov
Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Rəhimovla müsahibəni təqdim edirik.
- Anar müəllim, bilirik ki, 13-17 mart tarixlərində Serbiyanın Belqrad şəhərindəki eyniadlı universitetdə ezamiyyədə olmusunuz. Səfərin məqsədi ilə bağlı oxucularımıza məlumat verməyinizi xahiş edirik.
- Sualınıza cavab verməzdən öncə universitetimizin xarici əlaqələri haqqında qısa məlumat vermək istərdim. Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqəri günü-gündən inkşaf edir, müasir təhsilin çağırışları ilə ayaqlaşır. Hazırda ölkəmizdə 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Tələbələrimiz ispan, alman, italyan kimi ənənəvi, bizə “yaxın” ölkələrin dil və mədəniyyətini öyrənməklə yanaşı İndoneziya, Norveç, Koreya, yapon kimi qeyri-ənənəvi, ölkəmizdə yalnız ADU-da tədris olunan dilləri də mənimsəyir. Universitetimizin rektoru, akademik Kamal Abdulla universitetimizdə yeni açılan istənilən mərkəzin açılışı zamanı həmin ölkədə, eyni şərtlər altında güzgüvari şəkildə Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasının zəruriliyini bildirir.
Görülən işlərin nəticəsində artıq dünyanın 6 ölkəsində Azərbaycan dili və mədəniyyəti mərkəzi uğurla fəaliyyət göstərməkdədir. Daha 3 mərkəzin açılışına hazırlıq isə son, tamamlanma mərhələsindədir. Belə mərkəzlərdən biri də Serbiyanın ən böyük və nüfuzlu universitetlərindən sayılan Belqrad universitetində ADU-nun dəstəyi ilə fəaliyyət göstərir. Səfərimin əsas məqsədi Belqrad universitetindəki mərkəzimizin daha uğurlu və məhsuldar fəaliyyəti, orada tədris edilən Azərbaycan dilinin keyfiyyətli və davamlı tədrisi ilə bağlı universitetin səlahiyyətli nümayəndələri ilə görüşləri keçirmək idi.
Eyni zamanda Azərbaycan mərkəzində Novruz şənliyi keçirdik, Azərbaycan adət-ənənələrini nümayiş etdirdik, Belqrad universitetinin tələbə-müəllim heyəti üçün ADU-nun tanıtımını etdik.
- Bir az Belqrad universitetindəki mərkəzimizlə bağlı danışaq, orda kim işləyir, hansı istiqamətlərdə fəaliyyət göstərir?
- Belqrad universitetində mərkəzə ADU tərəfindən təyin edilən əməkdaşımız, dosent Günel Babanlı rəhbərlik edir. Günel xanım çox peşəkar, işini sevən və yaradıcı insandır. Mərkəz Azərbaycan dilini, mədəniyyətini, ədəbiyyatını Serbiyada layiqincə təmsil və təbliğ edir. Eyni zamanda mərkəzin gördüyü ən mühüm işlərdən biri Belqrad universitetində Azərbaycan dilinin tədrisinin təşkil edilməsidir. Özü də dilimiz orda fakültətiv deyil, tədris planının bir hissəsi olaraq məcburi qaydada tədris olunur. Heç şübhəsiz, Avropanın mərkəzində, Belqrad Universiteti kimi qədim, nüfuzlu universitetdə Azərbaycan mərkəzinin belə uğurla fəaliyyət göstərməsi, Azərbaycanı tanıtması, Azərbaycançılığı tanıtması qürurverici haldır. Ölkəmizin həqiqətlərinin Avropada eşidilməsi, haqq səsimizin lazımi yerlərə çatması baxımından bu yer əvəzsiz əhəmiyyətə malikdir.
Unutmayaq ki, Azərbaycan dilini öyrənən tələbə onun multikultural dəyərlərinə, həyat tərzinə, tarixinə və mədəniyyətinə də maraq göstərmiş olacaq. Mərkəz eyni zamanda ADU-nun təmin etdiyi dərsliklərlə Azərbaycan dilini fərdi qaydada öyrənmək istəyən tələbələrə fərdi proqramla Azərbaycan dilinin öyrədilməsində fəal iştirak edir.
Ölkəmizin həyatındakı əlamətdar günlər Azərbaycan dili və mədəniyyət mərkəzində serb tələbələrin, Belqrad universitetinin professor-müəllim heyətinin iştirakı ilə qeyd edilir.
- Belqrad universitetindəki mərkəzdən başqa ADU ilə Belqrad Universiteti arasında akademik səviyyədə nə kimi əlaqələr mövcuddur?
- Qeyd edim ki, son illərdə ADU beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır və nüfuzlu QS reytinqində uğurlu yer tutandan sonra universitetimizlə birgə ortaq layihələrdə iştirak etmək istəyən universitetlərin sayı artmaqdadır. Avropanın bir sıra nüfuzlu universitetləri, o cümlədən Belqrad universiteti ilə anlaşma memorandumumuz uğurla icra edilir. Universitetimizdə Serb mərkəzi fəaliyyət göstərir, Serb dili dərsləri serb mütəxəssislər tərəfindən uğurla tədris edilir. Belqrad universitetinin professorları akademik ezamiyyətlər, təşkil edilən seminarlar, konfranslar çərçivəsində bizim universiteti, bizim əməkdaşlar isə eyni məqsədlə Belqrad universitetini mütəmadi ziyarət edir. Gələcəkdə başqa elmi layihələrin də həyata keçirilməsinə artıq başlanılıb.
- Anar müəllim, son olaraq Belqrad Universitetində ölkəmizlə bağlı təşkil edilən tədbirlərdən danışın zəhmət olmasa.
- Mərkəz rəhbəri Günel Babanlı möhtəşəm Novruz bayramı tədbiri təşkil etmişdi. Bütün atributları, şəkərburası, paxlavası, qoğalı, musiqiləri, video görüntüləri ilə iştirakçıları heyran edən bir bayram oldu. Azərbaycan adət-ənənələri, gündəlik həyatı, Novruzun fəlsəfəsi haqqında iştirakçılara ətraflı məlumat verildi. Bundan əlavə mən Belqrad universitetində professor müəllim heyətinə “Azərbaycan post-münaqişə dövründə sülh qurucusu kimi” mövzusunda mühazirə oxudum. Həmçinin serb tələbələr üçün ADU-nun geniş təqdimatı həyata keçirildi, geniş məlumat verildi.
Yekun olaraq onu söyləyə bilərəm ki, belə mərkəzlərin xaricdə fəaliyyət göstərməsi ölkəmiz adına, cənab prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətə kiçik də olsa, töhfə vermək adına önəmli məqamdır.
ADU olaraq əsas məqsədimiz dünyanın digər güşələrində də daxili resurslarımız hesabına belə mərkəzlərin sayını artırmaq, Azərbaycan dilinin daha çox ölkədə tədrisinə nail olmaq və ölkəmizin həqiqətlərini Azərbaycan dili və mədəniyyəti mərkəzləri vasitəsilə dünya ictimayyətinə çatdırmaqdan ibarətdir.