"Azərbaycanın ekoloji problemləri" adlı tədbir keçirilib
28 mart 2024-cü il tarixində Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası, Magistratura şöbəsi və Azərbaycanşünaslıq Mərkəzinin "Yaşıl dünya ili" çərçivəsində birgə hazırladığı "Azərbaycanın ekoloji problemləri" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Regionşünaslıq kafedrasının müdiri, prof. S.Əliyeva açaraq, ekologiya, ekoloji tarazlıq, ekoloji problemlərlə bağlı ümumi məlumat verib. S. Əliyeva qeyd edib ki, bu tədbiri Regionşünaslıq kafedrasında pedaqoji və elmi tədqiqat təcrübəsi keçən magistrantları hazırlayıb, biz də onlara yol göstərmişik.
Azərbaycanın su hövzələrinin ekoloji vəziyyəti haqqında 231 qrupun magistrantı Gülnar Tahirli çıxış edib. O, Azərbaycanda olan göllər, çaylar, yeraltı sular, mineral mənbələr haqda məlumat verib. Su hövzələrinin müxtəlif mənşəli tullantılarla çirklənməsi, suların mühafizəsinin vacib olması haqqında geniş məlumat verib.
238 qrup magistrantı Babayeva Nəzrin Xəzər dənizinin ekoloji problemlərini açıqlayıb. Nəzrin Xəzər dənizinə tökülən çaylar, sənaye müəssisələrindən atılan tullantılar, neft və qaz çıxarılması ilə əlaqədar olaraq dənizin flora və faunasına dəyən ziyandan danışıb.
Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin istehsalat təcrübəsi keçən 470 qrup tələbəsi Hüseyn İsmayılov Qarabağın ekoloji vəziyyətini təhlil edib. Qarabağ ərazisində mövcud olan dövlət qoruqları və Yasaqlıqlar, orada qorunan heyvanat və bitki örtüyü haqqında danışıb. İşğal müddətində Qarabağ ərazisinin talan edilməsi, meşələrin kəsilməsi, faydalı qazıntı mədənlərinin talan edilməsindən, dövlətimizə və xalqımıza vurulan zərərdən danışıb.
Tədbirdə Azərbaycanda ətraf mühitin qorunması məsələləri haqqında AMEA–nın coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, ekoloq Gülnar Hacıyeva məlumat verib. O, magistrant və tələbələrin çıxışlarını yüksək qiymətləndirib və Azərbaycanın hava, su, torpaq, flora və faunasının qorunması istiqamətində dövlət tərəfindən qəbul edilmiş qərarlar və həyata keçirilən tədbirlər haqqında faydalı məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Tədbir boyunca Azərbaycanın təbii obyektlərinin ekoloji problemlərinə aid video çarxlar göstərilib.