ADU-nun əməkdaşı regional konfransda çıxış edib
13-15 mart tarixlərində Qazaxıstanın Almatı şəhəri, Al-Farabi Universitetində Hindistanın Almatıdakı səfirliyi tərəfindən “Hindistan və Avroasiyada Hindi dilinin indiki dövrü və gələcəyi” adlı regional konfrans təşkil olunub.
Konfransda Hindistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Rusiya, Belarusiya və s. ölkələrdən dəvət olunmuş mütəxəssislər müxtəlif mövzularda çıxış ediblər. Hindistanın EMİTİ Universitetinin professoru Dr. Sarita Shukla “Hindi dilində elmi yazının problemləri” mövzusunda çıxış edərək müasir dövrün elmi yazılarında hindi dilində olan terminləri ingilis dilindəki terminlərlə əvəz edilməsinin yolverilməz olduğunu vurğulayıb.
“Hindi dilinin ədəbiyyat tarixi”, “Hindi dili tədrisinin üsulu”, “Müasir hindi dili ədəbiyyatında əhəmiyyəti”, “Hindi dilinin tarixi əlaqəsi” kimi bir çox mövzuları əhatə edən konfransda Azərbaycan Dillər Universitetinin Hindi dili və mədəniyyəti mərkəzinin müdiri Saidə Mirzəyeva “Hindi dili ədəbiyyatının inkişaf dövrü” mövzusunda çıxış edib. Adıçəkilən məqalə Qazaxstanın Al-Farabi Universitetinin jurnalında da çap olunub.
Tədbirin sonunda sertifikatlar və jurnallar təqdim edilib.