Belqrad Universitetində Novruz bayramına həsr olunmuş elmi - bədii konfrans keçirilib
Belqrad Universitetində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbüsü və Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə Belqrad Universitetində 2018-ci ildən fəaliyyətə başlayan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində əsrlərin sınağından çıxmış, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramına həsr olunmuş elmi - bədii konfrans keçirilib.
Təşkil olunan tədbirdə Azərbaycanın Serbiyadakı səfirliyinin 2-ci katibi Orxan Əliyev, Azərbaycan Dillər Universiteti (ADU), Beynəlxalq şöbənin müdiri Anar Rəhimov, filologiya fakultəsinin profesorları, müəllim kollektivi, tələbələr və həmçinin Belqradda yaşayan həmvətənlərimiz iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Mərkəzin rəhbəri f.ü.f.d Günel Babanlı Novruz bayramının Azərbaycan və başqa Şərq xalqları tərəfindən qeyd olunduğunu, müstəqillik əldə etdikdən sonra Azərbaycanda daha da təntənəli, dövlət səviyyəsində təşkil olunduğunu qeyd edib.
Konfransda Azərbaycan Dillər Universitetindən dəvət olunmuş Beynəlxalq şöbənin müdiri Anar Rəhimov "Novruz fəlsəfəsi" adlı məruzə ilə çıxış edib.
Belqrad Universitetinin professoru, türkoloq Kseniya Aykut Novruz bayramının bəzi adət-ənənələrinin serb xalqının qeyd etdiyi milli bayramlarda olan bənzərliklərindən söhbət açıb. Serblərin də tonqal üzərindən atlanmaq, yumurta boyamaq, səməni cücərtmək və bayram axşamında şam yandırmaq kimi oxşar adətlərin olduğunu bildirib.
Belqrad Universitetinin Türkologiya kafedrasının müəllimi dr. Safiya Karababa Novruz - türk xalqlarının ortaq bayramı adlı məruzə ilə çıxış edərək xalqlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirdiyini və bu bayramın xalqlarımız arasında birləşdirici rol oynadığını qeyd edib.
Konfransın elmi hissəsi f.ü.f.d Günel Babanlının Novruz atributlarından bəhs etdiyi və serb dilində hazırladığı slayd ilə yekunlaşıb.
Bədii hissədə Azərbaycan dilini xarici dil kimi seçən tələbələrin Azərbaycan dilində səsləndirdikləri və həzin tar musiqisinin müşayəti ilə ifa etdikləri şeirlər heyranlıqla dinlənilib.
Tələbələrdən Anastasiya Mihayloviç Azərbaycan Respublikasının xalq şairi Ramiz Rövşənin "Novruz gəlir", Mariya Radovanoviç Azərbaycan SSR-in əməkdar incəsənət xadimi Abdulla Şaiqin "Səməni" şeirini, Valentina Simiç isə şifahi xalq ədəbiyyatından Novruza həsr olunmuş bayatıları səsləndiriblər.
Belqrad Universitetinin Azərbaycan dili və Mədəniyyəti Mərkəzində Novruz bayramı ilə əlaqədar ilk dəfə təşkil edilən elmi-bədii konfrans və tədbir üçün hazırlanmış süfrədə Novruz şirniyyatları ilə yanaşı Qarabağ kətəsi, İrəvan kətəsi, Bakı qurabiyəsi və s. təamlar və Novruz atributları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.